...

Qarabağ Forumunun adından Azərbaycan prezidentinə növbəti müraciət hazırlanıb

Siyasət Materials 4 İyul 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İyulun 2-də Bakıda keçirilmiş Qarabağ Forumunun adından Azərbaycan prezidentinə müraciət hazırlanıb. Bu barədə Forumun təşkilatçılarından olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Forum iştirakçılarından ibarət İşçi qrup yaradılıb və həmin tədbirdə Qarabağ münaqişəsinin həllinə dair irəli sürülmüş təkliflər ümumiləşdirilib. İşçi qrup tərəfindən dövlət başçısına müraciət hazırlanıb. İşçi qrupun cümə axşamı keçiriləcək toplantısında sənədin yekun variantı qəbul ediləcək və dövlət başçısına göndəriləcək.

Müraciətdə bildirilir ki, Azərbaycanın ərazi problemləri ilə məşğul olan, araşdıran

İnstitut yaradılmalı, bu qurum ya Prezident yanında, ya da Milli Elmlər Akademiyası nəzdində olmalıdır.

Həmçinin müraciətdə bildirilir ki, bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağa, Ermənistana etdiyi səfərlə bağlı dövlət başçısının mövqeyi açıqlansın.

Həmçinin Qarabağla bağlı digər təkliflər də müraciətə daxil edilib. Bildirilir ki, münaqişənin həllinə dair konkret müddətli proqram hazırlanıb qəbul olunsun. Həmçinin ABŞ, Fransa, Rusiya, İran dövlətləri qarşısında işğalçı Ermənistanı müdafiə etməməsi tələbi qoyulsun. Ermənistandan Rusiya qoşunlarının çıxarılması tələbi gündəmə gətirilsin. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda bütün ölkə ictimaiyyətinin səfərbər olunacağı proqram hazırlansın, burada müxalifətin, hakimiyyətin, cəmiyyətin rolu müəyyənləşdirilsin.

Həmçinin müraciətdə bildirilir ki, Azərbaycanın Ermənistanla apardığı sülh danışıqlarının prinsipləri açıqlanmalı, Dağlıq Qarabağda hər hansı referendum keçirilməsi ümumiyyətlə gündəmdən çıxarılmalıdır. Beynəlxalq sülhməramlı qüvvələrin isə Dağlıq Qarabağda deyil, yalnız Azərbaycanın Ermənistanla sərhədləri boyunca yerləşdirilməsinin mümkün olduğu bəyan edilsin.

Xatırladaq ki, bundan əvvəl keçirilmiş Qarabağ Forumunun adından da oxşar təkliflərlə dövlət başçısına müraciət ünvanlanmışdı.

Xəbər lenti

Xəbər lenti