...

Norveçin Azərbaycandakı səfiri: "Prezident seçkilərində YAP-ın uğur qazanacağına şübhə etmirəm"

Siyasət Materials 4 İyul 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Gələn il Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) uğur qazanacağına şübhə etmirəm. Bu bəyanatla çərşənbə günü YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovla görüşündə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jon Ramberq çıxış edib. Məlumatı YAP-ın mətbuat xidməti verib. Norveç diplomatı ölkəmizdə səfir kimi fəaliyyəti dövründə bütün demokratik siyasi qüvvlərlə sıx əməkdaşlıq niyyətində olduğunu nəzərə çatdırıb.

Ramberq daha sonra Azərbaycanın neft gəlirlərinin istifadə edilməsində şəffaflığı tam təmin etdiyini və bu sahədə digər ölkələrə də nümunə ola biləcəyini deyib. YAP-ın demokratik ənənələrə sadiqliyini sübut etdiyini bildirən Əhmədov hakim partiyanın bundan sonra da bu yola sadiq olacağını qeyd edib. Əhmədov YAP-ın 2008-ci il prezident seçkilərinin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyini deyib və bildirib ki, təmsil etdiyi partiyanın əsas istəyi Avropanın ölkəmizi demokratiyanın geniş inkişaf tapdığı ölkə kimi tanımasıdır.

YAP 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti