...

Müxalifətçi partiyanın şikayəti üzrə Ədliyyə Nazirliyinə qarşı məhkəmə iclası təxirə salındı

Siyasət Materials 9 İyul 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyasının (VİP) Azərbaycanın Ədliyyə Nazirliyinə qarşı məhkəmədə qaldırdığı iddiaya baxılması təxirə salındı. Bu barədə partiyanın sədri Əli Əliyev məlumat verib.

Qeyd edək ki, 2006-cı il mayın 28-də VİP-in təsis qurultayı olub, bir aydan sonra partiyanın sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq partiyanın dövlət qeydiyyatına alınması prosesi yubadılır.

Bununla əlaqədar VİP Ədliyyə Nazirliyini məhkəməyə verib. İddia ərizəsində tələb olunur ki, məhkəmə Ədliyyə Nazirliyinin VİP-in müraciətinə dair hərəkətsizliyinə qiymət versin və partiyanın qeydiyyata alınması vəzifəsini nazirliyin üzərinə qoysun.

Bazar ertəsi Yasamal Rayon Məhkəməsində partiyanın şikayəti üzrə hazırlıq iclası başlayıb. Lakin cavabdeh tərəf - Ədliyyə Nazirliyinin nümayəndəsi iclasda iştirak etmədiyi üçün hakim Fəxrəddin Ağamirzəyev prosesi gələn bazar ertəsinə təxirə salıb. Məhkəmə iclası iyulun 16-sı saat 10.30-a təyin olunub.

Müxalifətyönlü Vətəndaş və İnkişaf Partiyası "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti