...

Azərbaycanlı deputat Türkiyədə keçirilən parlament seçkilərinin narahatlıq yaratdığını deyir

Siyasət Materials 23 İyul 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri narahatlıq yaradır. Çünki Azərbaycanla yanaşı Türkiyəni də müsəlman dünyasında dünyəvi dövlətçilik ənənələrinin təminatçısı və sütunu olaraq görmüşük. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, bu qurumun xətti ilə Türkiyədə keçirilən parlament seçkilərini müşahidə etmiş millət vəkili Gültəkin Hacıyeva bazar ertəsi telefonla İstanbuldan məlumat verib.

İqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərin qalibi olmasının türk millətinin seçimi olduğunu vurğulayan millət vəkili hesab edir ki, Türkiyənin dünyəvi dövlətçilik ənənələrinə sadiq qalması vacibdir.

Onun fikrincə, Türkiyə son dövrlər həyata keçirdiyi siyasətində bir sıra səhvlərə yol verib ki, bunların təkrarlanmaması vacibdir.

"Türkiyə İraq münaqişəsi, Kipr probleminin həll olunması məsələlərində yol verdiyi səhvləri təkrar etməməlidir və imkanları əldən verməməlidir" - deyə Hacıyeva əlavə edib.

Millət vəkili vurğulayıb ki, müstəqil millət vəkili kimi Türkiyə parlamentinə daxil olan kürd radikalları ilə mübarizə əvvəlki dövrlərlə müqayisədə daha çətin olacaq. Çünki kürdlərin sıx yaşadıqları Diyarbəkir və onun ətraf bölgələrindən seçilmiş həmin millət vəkilləri Türkiyənin fedarallaşması və türk dövlətçiliyinin zəifləməsi istiqamətində fəaliyyət göstərirlər.

Bazar günü Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilib. Son hesablamalara görə, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 46,66 faizini qazanaraq parlamentdə 341 millət vəkili ilə təmsil olunacaq. İkinci yerdə olan Cumhuriyyət Xalq Partiyası (CHP) səslərin 20,85 faizini qazanıb və parlamentdə 111 millət vəkili ilə təmsil olunacaq. 14,29 faiz səs alaraq üçüncü yeri tutan Milliyətçi Hərakat Partiyası (MHP) Böyük Millət Məclisində 70 deputatla təmsil olunacaq. Parlamentə 28 nəfər müstəqil deputat da seçilib ki, onların əksəriyyəti kürd separatçılarını müdafiə edir.

Xəbər lenti

Xəbər lenti