Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir neçə müxalifət partiyasının məşvərət qurumu avqustda toplanaraq Azərbaycanın sosial-iqtisadi problemlərinə dair müzakirələri davam etdərəcək. Bu barədə məşvərət qurumunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.
ADP, AMİP, ASDP, Tərəqqi, Müsavat partiyalarının rəhbərləri və Eldar Namazovun iştirakı ilə məşvərət qurumu yaradılıb. Qurumun hər ay toplantısı keçirilir, müxtəlif sahələrə dair müzakirələr aparılır.
Cəlaloğlu qeyd edib ki, növbəti görüşün təşkilatçısı Tərəqqi Partiyası olacaq. Lakin Tərəqqi Partiyasının ofisi olmadığına görə toplantı Müsavat Partiyasının qərargahında keçiriləcək: "Ötən dəfəki sosial-iqtisadi vəziyyətin müzakirəsi zamanı qərara gəldik ki, bu məsələ ciddi təhlil olunmalıdır. Həmçinin müxalifət tərəfindən beynəlxalq təşkilatların da diqqətinə çatdırılmalıdır. Ona görə Eldar Namazova bu mövzuda məruzə hazırlanması həvalə olundu. Növbəti görüşdə onun məruzəsi dinləniləcək, sonra məruzə ətrafında müzakirələr aparılacaq və ola bilsin, konkret qərarlar qəbul olunsun. Məsələn, beynəlxalq təşkiltalarla əlaqələr qurulması üçün daimi bir qurum yaradıla bilər"-deyə Cəlaloğlu məlumat verib.
ADP sədri qeyd edib ki, hazırda məşvərət qurumunun genişlənməsi gözlənilmir. Belə ki, "Azadlıq" bloku bura qoşulmaqdan imtina edib, hətta ötən dəfə müzakirələrə dəvət olunsa da, qatılmayıb. ADP sədri bildirib ki, hazırda Azərbaycan siyasətində - istər iqtidar, istər müxalifət - durğunluq yaşanır. Bunun müqabilində bir neçə partiyanın yığışıb məsləhətləmələr aparması, vəziyyəti təhlil edib müəyyən nəticələr çıxarması, proqramlar qəbul etməsi artıq bir uğurdur: "Heç nəyin olmamasındansa, nəyinsə olması yaxşıdır. Şəxsən mən özüm bu müzakirələrdən çox şey əldə edirəm. Belə toplantılar informasiya almaq imkanlarını genişləndirir, partiyalararası münasibətləri istiləşdirir, konret situasiya yarananda daha ciddi qərarlar qəbul etmək üçün zəmin hazırlayır, siyasi durğunluq dövründə boşluğu doldurur. Biz bəzən nəhəng nailiyyətlər arzusunda olduğumuz üçün kiçik nailiyyətlərə əhəmiyyət vermirik. Ancaq əslində böyük siyasi nailiyyətlər kiçik uğurların məcmusundan ibarətdir"-deyə ADP sədri vurğulayıb.
Cəlaloğlu onu da deyib ki, ADP-nin iqtidarla dialoq qurulmasına dair yeni siyasi kursu məşvərət qurumunda müzakirə edilmir. Cəlaloğlunun sözlərinə görə, o, başqa partiyaların ADP-nin daxili işlərini müzakirəyə çıxarmasına imkan yaratmayacaq: "Digər partiyalar siyasi situasiyanı özləri analiz edirlər və məndən fərqli nəticələrə gəlirlər. Bu da normaldır, demokratik cəmiyyətlə plüralizm olmalıdır. Hamının eyni cür düşünməsi birqütblü cəmiyyət yarada bilər. Ona görə də hərənin bir tərəfə getməsi daha maraqlıdır" - deyə ADP sədri vurğulayıb.