Azərbaycan, Bakı 17 sentyabr / "TrendLife" , müxbir Günel Əhmədova/ Tamaşaçılara şou-biznes xəbərlərini fərqli və səhnələşdirilmiş təqdimatda çatdıran "SOY" şirkətinin
çal-çağır əhli yeni mövsümə hazırlaşır. Daha doğrusu, yeni layihələrini bu günlərdə tamaşaçılara təqdim edəcəklər. Qeyd edək ki, səsli-küylü "Çal-çağır"ın efir yayımına artıq son qoyulub. Bu xəbər tamaşaçıları təəccübləndirsə də, "SOY"çular heç də buna təəssüflənmirlər. Verilişin aparıcısı Dilarə Əliyevanın "TrendLife"a verdiyi açıqlamasına görə, bu düşünülmüş bir addımdır. O, verilişin bağlanmaq xəbərini eşidəndə etiraz etmədiyini söylədi.
- Efir sizi yorub?
- Belə deməzdim. Düşünürəm ki, vaxtında dayanmaq lazımdır. Elə getmək lazımdır ki, tamaşaçı sənin üçün darıxsın. Amma bu o demək deyil ki, biz izləyicilərimizlə vidalaşırıq. "Çal-çağır"ın yeri boş qalmayacaq. Yaxın günlərdə maraqlı layihə ilə efirə qayıdacağıq.
- Aparıcı bu dəfə də siz olacaqsınız?
- Bəli, mənim təqdimatımda maraqlı şou-proqrama tamaşa edəcəksiniz. Biz "SOY"çular ekrana oxşarı olmayan və tamaşaçıların maraqla izləyə biləcəyi görüntüləri gətirmək iddiasındayıq.
- Yeni şou-proqram hansı cəhətləri ilə fərqlənəcək?
- Hələ bu günə kimi heç bir şou-proqram canlı yayımla efirə çıxmayıb. Bunu biz edəcəyik. Tamaşaçılarımızla canlı ünsiyyət yaradacağıq. Burada şounun bütün elementlərindən istifadə olunacaq. Artıq "Çal-çağır" çərçivəsindən çıxmağın vaxtı yetişib. Tamaşaçı daha maraqlı süjetlər görmək istəyir.
- Şou-biznes nümayəndələrinin qazancı nə olacaq?
- Tamaşaçı deyəndə, şou-biznes nümayəndələrini də nəzərdə tuturuq. Onlar düşünmədikləri sürprizlərin şahidi olacaqlar. Canlı efirdə sənət əhli ilə maraqlı və səhnələşdirilmiş dialoqumuz olacaq. Lakin layihənin konkret hansı aspektdən təqdim olunacağı barədə söz söyləyə bilmərəm. Bu, "SOY"un sirridir.
- Toppuşla Keyxanım sizinlə səhnəni bölüşəcəklər, yoxsa onlara əlvida demisiniz?
- Bu məsələ hələ dəqiqləşmədiyi üçün fikir söyləyə bilməyəcəm.
"SOY"un digər əməkdaşları əlavə etdilər ki, şou-proqram ATV-nin yeni binasından canlı yayımlanacaq. Onlardan soruşanda ki, "Verilişə hansı adı seçmizinis?", belə cavab verdilər:
"Bir neçə versiya üzərində dayanmışıq. Ad təsdiqlənmədiyi üçün bunu elan edə bilmərik. Bu ərəfədə səhnə tərtibatı işləri görülür və bütün heyətin diqqəti bu istiqamətə yönəlib. Yaxın günlərdə efir yayımının tarixini elan edəcəyik. Təxmini versiyaya görə, bu, oktyabrın son günlərinə təsadüf edəcək. Hazırda tamaşaçılara "Çal-çağır"ın təkrar süjetləri təqdim edilir.