...

Bu il vəkilliyə qəbul üçün yenidən sənəd qəbuluna başlanılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bu il vəkilliyə qəbul üçün yenidən sənəd qəbuluna başlanılacaq. Bu barədə çərşənbə axşamı Trend ə məlumat verən Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bildirib ki, oktyabrın 1-dən ötən imtahanlarda müvəffəqiyyət qazanmış 234 hüquqşünas Kollegiyaya üzv qəbul olunacaq. İlk olaraq rayonlarda çalışacaq vəkillərin Kollegiyaya qəbulu aparılacaq. Nəcəfovun sözlərinə görə, onların sayı 90 nəfərdir.

Yeni namizədlər Vəkillər Kollegiyasının Rəyasət Heyətində vəkil andı içdikdən sonra fəaliyyətə başlayacaqlar.

Sədr müavini qeyd edib ki, bu proses başa çatandan sonra vəkilliyə qəbul üçün yenidən sənəd qəbuluna start veriləcək.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq, növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdılar. Onlardan 241-i kollegiyaya üzvlüyə tövsiyyə olunub.

Həmin namizədlərdən 7-si bir müddət öncə kollegiyaya üzv qəbul olunub və Naxçıvanda fəaliyyətə başlayıb.

Azərbaycan Vəkillər Kollegiyasının 547 üzvü var. Yeni namizədlər Kollegiyaya üzv qəbul olunandan sonra Azərbaycanda vəkillərin sayı 800-ə çatacaq. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdədir.

Xəbər lenti

Xəbər lenti