...

Qarşıdakı illərdə qaçqın və məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün Dövlət Proqramının icrasına 1 milyard manat sərf olunacaq

Cəmiyyət Materials 1 Noyabr 2007 14:07 (UTC +04:00)
Qarşıdakı illərdə qaçqın və məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün Dövlət Proqramının icrasına 1 milyard manat sərf olunacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın qaçqın və məcburi köçkünlərinin yaşayışının yaxşılaşdırılması üçün Dövlət Proqramına ediləcək əlavələrin həyata keçirilməsinə bir milyard manat vəsait sərf olunacaq. Bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib. Əlavələr 2008-2012-ci illəri əhatə edəcək.

Azərbaycan prezidenti İlham Əliyev 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı"na əlavələr edilməsi haqqında çərşənbə günü sərəncam imzalayıb. Bu sərəncam məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması məqsədi ilə imzalanıb.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün 47 qəsəbə salınıb. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın və məcburi köçkün məskunlaşdırılıb. Əli Həsənov bilidrib ki, son dörd il ərzində 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilib. Proqrama əsasən, qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 19 min insan bu ilin sonunadək yeni tikiləcək qəsəbələrə köçürüləcək və bununla da Azərbaycanda çadır düşərgəsi qalmayacaq. Dövlət Komitəsinin sədri bildirib ki, son 4 il ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 700 milyon manat vəsait sərf olunub. Onun 330 milyon manatı Dövlət Neft Fondundan, qalan 370 milyon manat isə dövlət büdcəsindən ayrılıb.

Xəbər lenti

Xəbər lenti