...

Komitə sədri: "Qarşıdakı 3 ildə məcburi köçkünlər üçün 14 min ev tikilməsi nəzərdə tutulur"

Cəmiyyət Materials 1 Noyabr 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın məcburi köçkünləri üçün son 6 il ərzində 15 min 700 ev tikilmişdisə, Dövlət Proqramına edilən əlavələrə əsasən, qarşıdakı 3 il ərzində (2008-2011-ci illərdə) onlar üçün 14 min ev tikilməsi nəzərdə tutulur. Bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cümə axşamı keçirdiyi mətbuat konfransında məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı"na əlavələr edilməsi haqqında çərşənbə günü sərəncam imzalayıb.

Həsənovun sözlərinə görə, həmin əlavələr öz əhatə dairəsinə görə əvvəlki proqramdan fərqlidir. Əlavələr 44 bənddən ibarətdir və qaçqın-köçkünlərin yaşayış səraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması ilə yanaşı, köçkünlər üçün iş yerlərinin açılması da nəzərdə tutulur.

Əlavələr edilmiş proqrama məcburi köçkünlərin məskunlaşdığı yerlərdə infrastrukturun yaradılması, qazlaşdırılması, böyük artezian quyularının qazılması, elektrik enerjisi ilə təminat, məktəblərin, xəstəxanaların tikilməsi, televiziya yayımının yaxşılaşdırılması, kanalizasiya xətlərinin çəkilməsi işləri daxildir.

Həsənovun sözlərinə görə, məcburi köçkünlərin yaşadığı 12 çadırdan 9-nun ləğvi başa çatıb, hazırda 3 son çadırın ləğvi prosesi gedir və noyabrın axırınadək başa çatacaq.

Komitə sədri bildirib ki, Beyləqan rayonu ərazisində Xocavənd köçkünləri üçün 500 ailəlik qəsəbə, həmçinin 320 ailə üçün Xocavəndin ərazisi olan Tul qəsəbəsində 320 ailəlik evlərin tikilməsi nəzərdə tutulur. Füzuli rayonunda Horadiz qəsəbəsində 1599 evin bərpası, ölkədə müalicəsi mümkün olmayan xəstəliyə düçar olmuş köçkünlərin xaricdə müalicəsi də yeni proqramda nəzərdə tutulur.

Həsənov bildirib ki, son 5-6 il ərzində məcburi köçkünlər üçün 49 qəsəbə, 15 min 713 ev tikilib, 820 kilometrlik hava elektrik xətləri çəkilib, Ağcəbədidə və İmişlidə 280 MVt gücündə transformator quraşdırılıb və bu, ətraf rayonların da elektrik təminatına yardım edir. Həmçinin 540 kilometr su xətti, 465 km asfalt yol çəkilib.

Son 4 ildə qaçqın-köçkünlərin problemləri ilə əlaqədar 700 milyon manat vəsait xərclənib.

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda təmir işləri davam etdiriləcək. "Təmir olunması üçün 270-ə qədər yataqxana seçilmişdi, onun 60-ı artıq təmir edilib, qalanlarının isə 30-40 faizində təmir işləri bu il aparılacaq" - deyə Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti