...

Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərin həbsindən narahatdır

Cəmiyyət Materials 13 Noyabr 2007 15:02 (UTC +04:00)
Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərin həbsindən narahatdır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərin həbsindən narahatdır və bu cür hallardan təəssüflənir, çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, hakimiyyət Azərbaycanda jurnalistin və ya baş redaktorun həbsini arzulamır.

"Peşəsindən asılı olmayaraq hər bir vətəndaş qanunlara hörmətlə yanaşmalı, digər insanların hüquqlarını tapdalamamalıdır" Həsənov deyib.

Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə, noyabrın 11-də "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid iki ay müddətinə həbs olunub. Zahid dələduzluq və insan sağlamlığına qəsdən zərər yetirmə maddələri üzrə ittiham olunur. Hazırda Azərbaycanda 8 jurnalist həbsdədir. Onlar əsasən təhqir və böhtana görə ittiham olunurlar.

"Azadlıq" qəzetinin baş redaktorunun həbsini şərh edən Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə açıqlamasında bildirb ki, jurnalistlər öz hərəkətlərinə görə qanun çərçivəsində cavab verməlidirlər. Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Zahidin və digər 7 jurnalistin həbsindən narahatlıqlarını bildiriblər.

Həsənov deyib ki, Azərbaycan hökuməti ölkədə azad mətbuatın hüdudlarının genişləndirilməsi, mətbuat səhifələrində ölkədə və xaricdə gedən proseslərin maneəsiz təhlili, araşdırılması, əhalinin informasiya ilə dolğun təmin edilməsində ən maraqlı tərəfdir. Onun fikrincə, təsadüfi adamların Azərbaycan mediasına daxil olması media orqanlarının nüfuzuna, o cümlədən onlara qarşı görülən tədbirlər nəticəsində dövlətin nüfuzuna ciddi xələl gətirir.

Prezident Aparatının sözçüsü bildirib ki, "Azadlıq" qəzetinin baş redaktorunun həbsi ilə bağlı məhkəmə tədqiqatlarının yekununu gözləmək lazımdır. "Yəqin ki, məhkəmənin qərarından qarşı tərəfin də şikayəti olacaq. Ondan sonra cəmiyyət dəqiq informasiyaya malik olacaq ki, Qənimət Zahid həbs olunmağa layiq idi, yoxsa yox" Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti