...

Yaxşı ifaçını xalq müəyyənləşdirir

Cəmiyyət Materials 7 Fevral 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral /müx. TrendLife Günel Əhmədova/

"Azad Azərbaycan" tele-radio şirkətinin anonslarından bəlli olduğu kimi, efir izləyiciləri tezliklə "N1 - İlin müğənnisi" adlı şou-layihəyə tamaşa edəcəklər. 106.3 Fm-in efir direktoru Emin Musəvinin hazırladığı proqram şou-biznes nümayəndələrini bir ailə kimi birləşdirəcək. Onların bir-birinə münasibətləri, iç dünyaları, insani keyfiyyətləri tamaşaçıların gözü qarşısından keçəcək. Onlara yaxşı bildiyimiz sənətçini daha yaxından tanımaq şansı veriləcək. Eyni zamanda, birinciliyə iddialı olan müğənnilərin kateqoriyalarını bu dəfə özləri deyil, tamaşaçılar müəyyən edəcəklər.

Emin Musəvinin TrendLife-a bildirdiyinə görə, 7 məşhur kişi və 7 qadın müğənninin təmsil olunduğu layihə tezliklə efir həyatına başlayır. Layihənin məqsədi hər efir günü iki müğənnini duelə çıxarmaqdan ibarətdir. Onların şəxsi həyatı, yaradıcılıq prosesləri müzakirə olunacaq, eyni zamanda sənətçilərin mahnıları dinləniləcək. Efirin sonunda tamaşaçı SMS-ləri kimin birinci olduğunu müəyyən edəcək və müğənniyə özü ilə bir sənətçini növbəti mərhələyə aparmaq şansı veriləcək. Layihəni fərqləndirən məqamlardan biri onun tele-studiyada, canlı efirdə yayımı ilə bağlıdır. Emin Musəvinin əlavəsinə görə, layihə həm də tok-şou xarakteri daşıyacaq və burada tamaşaçılarla yanaşı, KİV nümayəndələri də səhnədə baş verənləri studiyadan izləyəcəklər. Burada tamaşaçıların aktivliyi nəzərə alınacaq. Yəni iki düşərgəyə ayrılacaq şounun izləyiciləri iştirakçı barədə pis, yaxud yaxşı rəy formalaşdıracaqlar. Efir əməkdaşının məlumatına görə, layihədə müğənninin məşhurluğu bir o qədər rol oynamayacaq. Tamaşaçı SMS-ləri hətta ən məşhur simanı layihədən çox asanlıqla uzaqlaşdıra bilər. İştirakçının aktivliyi burada xüsusi rol oynayacaq.

Layihə qalibinin hədiyyəsi üzərində bir neçə versiyada düşünülsə də, təşkilat komitəsi ənənvi təqdimatlardan bir az kənara çıxmaq istəyib. Öyrəndik ki, əvvəlcə avtomobil, yaxud pul mükafatı üzərində düşünən təşkilatçılar, sonda maraqlı ideya üzərində dayanıblar. Bu, minimum 35 sm hündürlüyündə qızıldan mikrafon fiquru olacaq. Hazırda bahalı əşya hazırlıq prosesindədir. Eyni zamanda, "Azad Azərbaycan"ın həyətində ulduzlar meydanı salınacaq və ora qalibin əksi həkk olunacaq: "Müğənnilər arasında həmişə kateqoriya mübahisəsi olub. Heç kim özünü 5-ci, yaxud 6-cı görmək istəmir. Sözügedən layihə tamaşaçılar vasitəsi ilə onlara öz yerlərini göstərəcək. Köhnə deyimlə, "Yaxşı ifaçını xalq müəyyənləşdirir" şüarını burada bir daha göstrəməyə çalışacıq".

Qeyd edək ki, 4 aya yaxın vaxtı əhatə edəcək "N1 - İlin müğənnisi" layihəsinin iştirakçı siyahısı artıq tamamlanmaq üzrədir. Emin Musəvinin verdiyi məlumata görə, cümə günləri yayımı nəzərdə tutulan tele-layihədə kişi müğənnilərdən Eyyub Yaqubov, Nadir Qafarzadə, İzzət Bağırov, Elnur, qadın müğənnilərdən isə İradə İbrahimova, Aygün Kazımova, Rəqsanə, Xatirə və başqaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti