...

Azərbaycan 2012-ci ilə qədər təhsil sistemini təkmilləşdirmək niyyətindədir

Cəmiyyət Materials 7 Fevral 2008 12:35 (UTC +04:00)
Azərbaycan 2012-ci ilə qədər təhsil sistemini təkmilləşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan 2012-ci ilə qədər təhsil sistemini təkmilləşdirmək niyyətindədir. Ötən həftə ölkə prezidenti Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

"Bizim gələcəyə yönələn təşəbbüsümüz əsasən təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Biz Azərbaycanın 50 ildən sonra necə yaşayacağını, insanların intellektual səviyyəsinin necə olacağını bilmək üçün 10, 20, 50 il irəliyə baxmalıyıq" - deyə bu həftə Bakıda prezident İlham Əliyev bildirib.

Təhsil Nazirliyinə tabeçiliyində ali təhsil müəssisələri olan digər strukturlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı" layihəsinin 2008-ci il martın 30-na qədər hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsinə dair tapşırıq verilib.

Ali təhsil sistemində islahatlar üzrə dövlət proqramının hazırlanması üçün İşçi qrupun yaradılması artıq elan olunub. Sabah təhsil naziri Misir Mərdanov başda olmaqla İşçi qrupun ilk görüşü keçiriləcək.

Nazirlik bundan sonra semestrin yekunu üzrə imtahanları, texnikum və ali məktəblərdə isə buraxılış imtahanları keçirmək niyyətində olduğunu açıqlayıb. Göstərilən tədbirlər bu təhsil müəssisələrində biliyin qiymətləndirilməsi sistemində problemlərin olması ilə əlaqədardır.

Sərəncama müvafiq olaraq Xarici İşlər Nazirliyi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə məsul edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Təhsil Nazirliyi hesab edir ki, Azərbaycanın təhsil sistemi Avropa ali təhsilinin vahid sisteminə qoşulmağa və Boloniya sisteminə keçməyə hazırdır.

Milli Məclisin elm və təhsil məsələləri daimim komissiyasının sədri Şahlar Əskərov bildirib ki, Azərbaycanın təhsil sistemində Boloniya prosesi kimi iri miqyaslı layihə olmayıb.

"Təhsil sahəsində Boloniya prosesinə keçid və müvafiq YUNESKO tərəfindən qəbul olunan sənədlərə əsasən bakalavr səviyyəsinin təmin olunması - bu inqilabdır" - deyə Əskərov bildirib.

Onun rəyinə görə, əsas Azərbaycan təhsil sistğeminin bu islahatlara tab gətirməsidir.

YUNESKO standartlarına görə, hər bir ölkədə ali məktəblərə qəbul 150-dən çox ixtisas üzrə aparılmamalıdır. Azərbaycanda bakalavr dərəcəsində qəbul 500-dən yuxarı ixtisas üzrə aparılıb. Yeni ildən Azərbaycanda bakalavr dərəcəsində ixtisasların sayı 147-ə qədər azaldılıb.

Xəbər lenti

Xəbər lenti