...

"Azəri Star-2008" in 20 iştirakçısı bəlli oldu

Cəmiyyət Materials 8 Aprel 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Dünən "Planet" restoranında "Azəri Star production"la "Lider TV"nin birgə layihəsi olan "Azəri Star-2008"- gənc ifaçılarının mahnı yarışmasının son seçim turu keçirildi. Məlumat üçün bildirək ki, müsabiqəyə qatılmaq üçün onlarla gənc təşkilat komitəsinə sənədlə müraciət edib. Layihə rəhbəri Kemal Cenk İçten TrendLife-a məlumat verərək bildirdi ki, müraciət edənlər arasından 20 iştirakçının seçilməsi bütünlüklə münsiflər heyətinin üzvlərinə həvalə edilib. Münsiflərdən söz düşmüşkən, deyək ki, əməkdar incəsənət xadimi - bəstəkar Eldar Mansurov; əməkdar artist - aktrisa Sənubər İsgəndərli; müğənnilərdən - əməkdar artist Faiq Ağayev və Röya Ayxan bu dəfə münsif məsuliyyətinə boyun olublar. 20 namizədin adı məlum olsa da, onların SMS nömrələri hələ müəyyənləşməyib. Maraqlı olduğunu nəzərə alıb, ilk əvvəl münsiflərin fikirlərini diqqətinizə çatdırırıq:

Eldar Mansurov: - Bu vaxta qədər təşkil olunmuş bir neçə mahnı müsabiqəsində münsif kimi iştirak etmişəm - "Bakı Payızı", "Azəri Star -2007", "Sınaq" və başqaları. Azərbaycanda oxumaq istəyən çoxdur, amma oxuya bilən azdır. Bu yarışmada da belə gənclər var idi. Amma çalışdıq ki, seçdiyimiz 20 nəfər səhnənin tələblərinə cavab verə biləcək şəxslər olsun. Məncə, cavanların bir çoxu bu tip yarışmalara, əsasən, tanınıb populyar olmaq üçün gəlirlər.

Sənubər İsgəndərli: - Seçilən 20 iştirakçının səs imkanları ilə bərabər, xarici görünüşlərinin də cəlbedici olması əhəmiyyətlidir. Fikrimcə, "Azəri Star-2008" olmaq istəyən bu gənclərdə səhnə mədəniyyətinin formalaşmasında, az da olsa, əməyimiz olacaq. Yəni hər şey hələ indi başlayır.

Faiq Ağayev: - Açıq deyirəm ki, aramızda münsiflər heyətinin rəhbəri yoxdur. Azad seçimdir və dördümüz də bacardığımız qədər bəyəndiyimiz gənclərin iştirakçı olmasına şərait yaradırıq. İştirakçılar arasında konkret favoritim də yoxdur.

Röya Ayxan: - İstedadlı gənclər az deyil. Amma inanın ,oğlan iştirakçıların qadın boğazları ilə oxuması hələ də mənə çatmır. Elə də olur ki, xanımlar kişi səsi ilə oxuyurlar. Yəqin ki, zəmanədəndir. Lakin bizə lazım olan 20 iştirakçını təyin etməyi bacara bildik.

İndi isə 20 şanslı iştirakçının adlarını sizə təqdim edirik:

1.Günel Süleymanova

2.Sədaqət Əhmədova

3.Yaqut Nərimanova

4.İlkin Əhmədov

5.Ədalət Abbasov

6.Arif Əmrahzadə

7.Fəxri Kazım-Nicat

8.Elçin Məmmədov

9.Günay Şıxəliyeva

10.Aybəniz Məmmədova

11.Kəmalə Həsənova

12.Hüseyn Abdullayev

13.Rinat Aslanov

14.Şəms Cəbiyeva

15.Tərlan Musayev

16.Kənan Əzimov

17.Ruslan Süleymanov

18.Elçin Şərifzadə

19.Şahnaz Əliyeva

20.Mirsaleh Əliyev

Aprelin son həftəsində başlayacaq müsabiqəni tamaşaçılar cümə və şənbə günləri saat 22:00-dan "Lider TV"nin canlı yayımında izləyə biləcəklər. "Azəri Star-2008" gənc ifaçıların mahnı müsabiqəsində informasiya dəstəyi TrendLife-dan olacaq.

Xəbər lenti

Xəbər lenti