...

Azərbaycanda Təhsil Məcəlləsi qəbul ediləcək - Təhsil Komissiyasının sədri

Cəmiyyət Materials 17 Aprel 2008 11:56 (UTC +04:00)
Azərbaycanda Təhsil Məcəlləsi qəbul ediləcək - Təhsil Komissiyasının sədri

Azərbaycan, Bakı, 17 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Təhsil Məcəlləsi qəbul ediləcək. "Biz təhsillə bağlı 14 qanun qəbul etməyi planlaşdırırıq. Qanunlar qəbul olunduqdan sonra Təhsil Məcəlləsini hazırlayıb, müzakirəyə çıxaracağıq", - deyə jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, Təhsil Məcəlləsinə qəbul olunmuş bütün qanunlar daxil ediləcək.

"Məcəlləyə daxil olacaq qanunlardan ücü - "Təhsil haqqında", "Ali təhsil haqqında" və "Elm siyasəti haqqında" qanun layihələri hazırdır və yaxın vaxtlarda Elm və təhsil məsələləri daimi komissiyasında müzakirəyə çıxarıla bilər", - deyə Hacıyev əlavə edib.

Komissiya sədri bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsinə ali təhsillə bağlı bütün məsələlər və onların həyata keçirilməsi mexanizmləri daxildir.

"Ali təhsil haqqında" qanun layihəsi hər hansı bir ali təhsil müəssisəsinin Əsasnaməsi deyil. Amma ali təhsil müəssisələrinin Əsasnaməsinin həyata keçirilməsi üçün real normativ hüquqi baza və mexanizm yaradan sənəddir. Bu qanun layihəsi müasir tələblərə cavab verəcək", - deyə Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Boloniya sisteminə qoşulduğuna görə, ali təhsil tam olaraq bu prosesə uyğunlaşdırılmalıdır və dünya standartlarına cavab verməlidir: "Təhsildə baş verən prosesləri dünya standartlarına uyğunlaşdırmaq üçün qanunvericilik bazası olmalıdır və normativ-hüquqi baza yaradılmalıdır. Azərbaycan ali təhsilinin qanunvericilik bazası Avropa təhsil məkanında mövcud olan qanunlara uyğunlaşdırılmalıdır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti