...

Azərbaycanda dini tolerantlıq Ermənistanla müqayisədə yüksək şəkildə qorunur - Dövlət Komitəsi sədrinin müavini

Cəmiyyət Materials 21 Aprel 2008 12:20 (UTC +04:00)
Azərbaycanda dini tolerantlıq Ermənistanla müqayisədə yüksək şəkildə qorunur - Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elçin Əsgərovun Trend -a müsahibəsi

- Cənubi Qafqaz ölkələrində dini tolerantlıqla bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda tolerantlıq, dinlərarası dözümlülük, hər bir şəxsin azad şəkildə dini etiqad etmək hüququ geniş şəkildə qorunur. Azərbaycanda tarixən müxtəlif dinlər olub. Yəhudiliyin tarixi 2000 min ildən əvvələ təsadüf edir, xristianlıq isə yarandığı ilk dövrdən Azərbaycanda təşəkkül tapıb. Minilliklər ərzində bütün dinlər bərabər şəkildə mövcud olub. Bu sahədə heç bir qarşıdurma olmayıb. Baxmayaraq ki, Azərbaycan xalqının 96 faizi islam dininə etiqad edir, ölkədə xristianlar, yəhudilər ənənələrini qoruyub saxlaya biliblər. Bu, Azərbaycan xalqının tarixi tolerantlıq ənənələrini göstərir. Digər tərəfdən, bu, Azərbaycan dövlətçiliyinin tolerantlığa yönəldilmiş siyasətinin nəticəsidir. Azərbaycan müstəqilliyini yaşadığı ilk anlardan, ölkədə həmişə dini etiqad azadlığı olub. "Dini etiqad azadlığı" haqqında qanun qəbul edilib, bu qanunun təkmilləşdirilməsi üçün bir sıra əlavə və dəyişikliklər edilib.

Azərbaycanda dini tolerantlıq Cənubi Qafqaz ölkələri ilə, xüsusi ilə Ermənistanla müqayisədə yüksək şəkildə qorunur. Bunu dəfələrlə Azərbaycana gəlmiş beynəlxalq təşkilatların ekspertləri etiraf ediblər və beynəlxalq təşkilatların hesabatlarına salınıb.

-Beynəlxalq Böhran Qrupu yaxın vaxtlarda yaydığı hesabatında Azərbaycanda vəhabiliyin yayılmasının təhlükəli həddə çatdığını bildirib. Siz bu fikrlə razısınızmı? Beynəlxalq Böhran Qrupu hansı mənbələrdən qaynaqlanaraq bu nəticəyə gəlib?

-Beynəlxalq Böhran Qrupu Azərbaycandakı dini vəziyyətlə bağlı hesabatı ayrı-ayrı ictimai təşkilatların, ekspertlərin fikirləri əsasında hazırlayır. Azərbaycanda sələfilik var. Bunu heç kim inkar etmir. Azərbaycan müstəqil olandan sonra, bütün dini etiqadlara eyni dərəcədə fəaliyyət göstərmək üçün imkan yaratdı. Bundan sonra Azərbaycanda bir çox dini cərəyanlar kimi, sələfilik də yaranıb. Lakin sələfilərin Azərbaycanda dövlətin əsasları üçün təhlükə törətmək gücündə olması barədə söylənilən fikirlərin heç bir əsası yoxdur. Azərbaycanda sələfilərin sayı o qədər çox deyil ki, ölkədə hər hansı təhlükə törədə bilsin. Region dövlətləri ilə müqayisədə Azərbaycanda dini sabitliyin qorunması yüksək səviyyədədir. Bir neçə ekstremist qrup olubsa da, əvvəlcədən onların qarşısı alınıb və heç bir aksiya həyata keçirə bilməyiblər.

-Avropa İttifaqı hesabatında Azərbaycanda milli azlıqların hüquqlarının yetərincə qorunmaması barədə fikrə yer ayırıb. Azərbaycanda milli azlıqların dini hüquqları necə qorunur?

-Ölkədə milli azlıqların dini hüquqlarının qorunması dünya ölkələrinə nümunə ola bilər. Əhalinin yüksək faizi müsəlman olmasına baxmayaraq, Azərbaycanda gürcü pravaslav kilsəsi, rus pravaslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir. Udinlərin kilsəsi təmir olunaraq istifadəyə verilib. Cənubi Qafqazda ən böyük yəhudi senaqoqu məhz Bakıda tikilərək onların istifadəsinə verilib. Çox az sayda üzvlərinin olmasına baxmayaraq, hətta katolik icması üçün Bakının mərkəzində kilsə tikilib. Bütün bunlar Azərbaycanda milli azlıqların dini hüquqlarının qorunmasının bariz nümunəsidir.

-Azərbaycanda yayımı qadağan olunan dini kitabların qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?

- Azərbaycanda dini qarşıdurma, dözümsüzlük ideyaları yayan dini kitabların yayımı qadağandır. Bu cür kitablar istər xaricdən gətirilsin, istərsə də daxili nəşriyyatlarda çap olunsun, belə kitabların yayımının qarşısı alınır. Bundan başqa, bütün dini kitabların yayımı azaddır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti