...

Röya filarmoniyada konsert verməyə hazırlaşır

Cəmiyyət Materials 26 Aprel 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /müx. TrendLife Günel Əhmədova

Günün əksəriyyətini kamera önündə və tamaşaçıları ilə ünsiyyətdə keçirən Röya daha bir layihədə çıxış etməyə hazırlaşır. Bu barədə məlumatın ilkini TrendLife-la bölüşən müğənni əvvəlcə iş qraifikindən söz açdı. Dedi ki, yuxudan durur və həmin günün planlarını gözdən keçirir. Bir neçə saatdan sonra başlayan gərgin iş qrafiki gecə saatlarına kimi müğənnini müşayiət edir: "Azəri star"ın münsiflər heyətində iştirakım, "Lider" tele-kanalındakı verilişimin çəkilişləri bu günlər üçün ən vacib iş planlarımdır. Qalan vaxtlarımı televiziya və KİV nümayəndələri ilə müsahibələrə və mahnı yaradıcılığına ayırıram. Bunlarla paralel şəkildə konsert proqramının hazırlığını da davam etdirirəm. Artıq məşqlər başlayıb".

Qeyd edək ki, söhbət Röyanın yaxın ayların birində verəcəyi növbəti solo konsertdən gedir. Müğənninin əlavəsinə görə, proqram Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi üçün nəzərdə tutulub. Növbəti konserti ilə sonuncu, martın 30-da təqdim etdiyi musiqili proqramını iki aydan bir qədər artıq vaxtın ayıracağını sözünə əlavə edən Röya: "Bunu yüzlərlə tamaşaçımın təklifinə cavab olaraq, həyata keçirirəm" dedi. Lakin sözügedən layihəni bir qədər fərqləndirən xüsusiyyətləri olacaq. Xatırladaq ki, sonuncu konsert diskoteyka xarakteri daşıyırdı və bir növ gənclərin zövqünə biçilmiş proqram idi. Lakin filarmoniyanın səhnəsində təqdim olunacaq proqramın bir qədər çəkisi olacaq. Yəni, klassikaya meyilli layihə olaraq, nəzərdə tutulub:

"Tamaşaçılarıma göstərmək istəyirəm ki, Röya bunu da bacarır. Söhbət tək klassika oxumaqdan getmir. Həmin səhnəni yaratmaq üçün böyük işlər görülür. Yəni, mənim ifamı "minuslar" deyil, 20 nəfərə yaxın musiqiçinin toplandığı Simfonik Orkestr müşayiət edəcək".

Qeyd edək ki, müğənninin haqqında danışdığı orkestrin ifaçıları tək-tək seçilib. Röyanın məlumatına görə, bu işləri tənzimləyən musiqiçi var və o, repertuarı və digər məsələlərin həllini öz çiyninə götürüb:

"Söhbət anam qədər sevdiyim bir insandan, Nailə Mirməmmədlidən gedir. Orkestrdə cəm olan musiqiçiləri o seçib. Repertuar demək olar ki, hazırdır və məşqlərə başlamışıq. Burada qeyd etdiyim kimi yalnız klassik musiqilər yer alacaq".

Müğənninin əlavəsinə görə, geyimi və sadə səhnə tərtibatı proqramı tamamlayacaq. Konsertin dəqiq vaxtına gəlincə, bu barədə müğənni yaxın 2-3 günə məlumat verəcəyini söylədi. Onun təxmini versiyasına görə, konsertin iyunun birinci ongünlüyündə təqdimatı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti