Azərbaycan, Bakı, 8 may /müx. TrendLife Eldar Hüseynzadə/
Bursada Qara Qarayevə həsr olunmuş festival başa çatıb. Festivalla bağlı təssüratlarını əməkdar incəsənət xadimi Yalçın Adıgözəlzadə TrendLife-la bölüşüb.
-Qara Qarayevin 90 iilik yubileyinə həsr olunmuş tədbir artıq 2007-ci ilin sonundan başlayıb. Xatırlayırsıza, bu gün ilə əlaqədar 2007-ci ildə İzmirdə, Budapeştdə, İstambulda, Bişkekdə, Antalyada, Dənizlidə konsert proqramı ilə çıxış etmişəm. Daha sonra isə Bursada geniş festival təşkil olundu. Tədbirin təşkilatçıları Azərbaycanın Bəstəkarlar İttifaqı, Bursada "Uludağ" universitetidir. Festivalın açılışı "Konak" mədəniyyət mərkəzində keçdi. Öncə Qarayev yaradıcılığından mühazirələr oxundu. İlk gün azərbaycan musiqiçilərinin çıxışları ilə başa çatdı.
-Bəs sizin konsertlər necə, festivalı sona çatdırıb?
-Festivalın ikinci və üçüncü günü "Fetie" mədəniyyət mərkəzində Bursa Dövlət Simfonik Orkestri ilə birgə mənim çıxışım oldu. Biz "Leyli və Məcnun", "Yeddi Gözəl" süitasını səsləndirdik. Konsert "İldırımlı yollarla" süitası ilə başa çatdı.
-Görünür, son konsert Qara Qarayevin yubileyinə verdiyiniz konsertlərin ən yadda qalanı olub.
-Hesab edirəm ki, keçirilən bütün konsertlər yüksək səviyyədə oldu. O biri tərəfdən isə Bursada Qarayev yaradıcılığına bu cür marağın olması insanı sevindirir.