...

Azərbaycan Ombudsmanı YUNESKO-nun Moskvada keçirilmiş birgünlük konfransında iştirak edib

Cəmiyyət Materials 2 İyun 2008 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend / Azərbaycanın İnsan Hüquqlari üzrə Müvəkkili Elmira Süleymanova Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində YUNESKO-nun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə insan hüquqları kafedralarinin rəhbərləri və bu sahədə beynəlxalq ekspertlər üçün keçirilən birgünlük konfransda iştirak edib. Bu barədə Ombudsman Aparatı mətbuat xidmətindən bazar ertəsi Trend - a bildiriblər. Tədbirdə insan hüquqlarının, o cümlədən YUNESKO-nun səlahiyyətlərinə aid hüquqların - təhsil hüquqları, mədəni hüquqlar, fikir azadlığı və digər hüquqların təmin olunması məsələləri müzakirə olunub.

BMT-nin İnsan Hüquqlari üzrə Ümumi Bəyannaməsinin qəbul edilməsinin 60 illiyinə həsr olunmuş konfransda Polşa, Rusiya Federasiyasi (RF), Ukrayna, Belarus, Moldova və digər ölkələrin nümayəndələri, BMT-nin İnkişaf Proqramının və İnsan Hüquqları üzrə Ali Komissarlığının RF-dəki nümayəndəliklərinin, YUNESKO-nun Moskvadakı Bürosunun təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, İnsan hüquqları kafedrasının müdiri Əlikram Abdullayev də tədbirdə iştirak edib. O, Akademiya nəzdində fəaliyyət göstərən, YUNESKO-nun ölkəmizdə insan hüquqları üzrə yeganə kafedrasının işi barədə məlumat verib.

Süleymanova regiondan bu tədbirdə iştirak edən yeganə Ombudsman olaraq, "YUNESKO - nun problemləri kontekstində insan hüquqlarının müdafiəsində yeni yanaşmalar və mexanizmlər" mövzusunda məruzə edib. O, məruzəsində Azərbaycanda vəziyyət, 20 illik erməni təcavüzü nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması, sülh müqaviləsi imzalanmasının sürətləndirilməsi zəruriliyi, insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) qəbul olunması və s.məsələlərə toxunub.

Ombudsmanın YUNESKO-nun İnsan Hüquqlari üzrə kafedralarının işinin təkmilləşdirilməsi üzrə təklifləri yekun sənəddə əksini tapıb.

Xəbər lenti

Xəbər lenti