Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi insan alverinə qarşı mübarizə ilə bağlı yeni Milli Fəaliyyət Planının hazırlanmasını təklif edir.
Bu barədə Birliyin insan alverinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Azərbaycan hökumətinə ünvanladığı tövsiyələrdə qeyd olunub.
Azərbaycanda Milli Fəaliyyət Proqramı 2004-cü ildə qəbul edilib.
ABŞ Dövlət Departamentinin insan alveri ilə mübarizə sahəsində 2008-ci il hesabatında Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş hesab edilməyib və dövlətin bu problemlə mübarizəni gücləndirməsi tövsiyə olunub.
Hesabatda Azərbaycan ikinci qrup ölkələr sırasına daxil edilib. Bu isə o deməkdir ki, hakimiyyət problemin həlli üçün tədbirlər görür, ancaq görülən tədbirlər yetərli deyil. Birlik insan alveri qurbanları üçün sığınacaqların və yardım mərkəzlərinin yaradılmasının başa çatdırması, ibtidai istintaq və məhkəmə araşdırması zamanı insan alveri qurbanlarına dövlət büdcəsi hesabına yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinin təmin edilməsi, insan alveri cinayətinin törədilməsində iştirak edən, insan alveriçilərini himayə edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsini, Milli Koordinatorun kifayət qədər təcrübəsi olan, vətəndaş cəmiyyəti tərəfindən qəbul edilən və cəmiyyətdə kifayət qədər nüfuza malik mülki şəxslə əvəz edilməsini tövsiyyə edir.
İctimai Birlik hesab edir ki, insan alverinə qarşı mübarizə sahəsində qəbul edilmiş qanunvericiliyin yenidən işlənməsini, Azərbaycanın "İnsan alverinə qarşı mübarizə haqqında" Avropa Konvensiyasını qəbul etməsini vacib sayır.
İnsan alveri ilə mübarizədə QHT-lərlə əməkdaşlığın genişləndirilməsini zəruri sayan təşkilat ölkədə qadınların iqtisadi, sosial və siyasi vəziyyəti ilə bağlı problemlərin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinı tövsiyyə edir.
Təşkilat hesab edir ki, dövlətin insan alverçilərinin aşkar edilməsi , onların ifşası, cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması ilə bağlı, habelə qurbanların aşkar olunması, sosial reabilitasiyası ilə əlaqədar siyasətinə yenidən baxılmalıdır.
Bu ilin 5 ayı ərzində resbublikada insan alveri ilə bağlı 35 cinayət qeydə alınıb.
Bu müddətdə 32 insan alveri qurbanı müəyyən edilib.
Ötən il isə insan alveri ilə bağlı 74 cinayət faktı qeydə alınıb və 101 qurban müəyyənləşdirilib.
Azərbaycandan qadınlar seksual istismar məqsədiylə daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Azərbaycandan uşaqların seksual istismar məqsədi ilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərildiyi bildirilir.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyir ki, insan alveri ilə bağlı qeydə alınan göstəricilər reallığı əks etdirmir. Reallıqda bu göstəricinin daha çox olduğunu bildirən idarə rəisinin sözlərinə görə, bunun səbəbi qurbanların böyük əksəriyyətinin çəkindiyi üçün müraciət etməməsidir.
İdarə rəisinin sözünə görə, insan alverinin qurbanları daha çox orta təhsillilər və təhsilsiz şəxslərdir. Qurbanların böyük əksəriyyətinin gənclər olduğunu deyən Şıxəliyevin sözlərinə görə, onlar 19-25, 25-35 yaş qruplarında olanlardır.
DİN rəsmisi insan alverçilərinin dövlət məmurları, tanınmış insanlar tərəfindən himayə olunması ilə bağlı cəmiyyətdə formalaşmış fikrin də yanlış olduğunu deyir
Qurbanlar üçün reablitasiya mərkəzlərinin yaradılmasının nəzərdə tutlduğunu deyən DİN rəsmisi yaxın aylarda həmin mərkəzin fəaliyyətə başlayacağını bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]