...

Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi üçün 7 milyon manatdan çox vəsait ayrılıb

Cəmiyyət Materials 28 İyul 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir C.Babayeva/ 2008-2009-cu tədris ilində Azərbaycanda Bakı Dövlət Universitetinin (BDU) yeni tədris korpusu açılacaq. BDU-nun yeni, onmərtəbəli tədris korpusunun tikintisi üçün ümumilikdə 7,6 mln. manat vəsait ayrılıb. Bu barədə jurnalistlərə bazar ertəsi universitetin rektoru Abel Məhərrəmov məlumat verib.

Yeni korpusun tikintisi üçün dövlət büdcəsindən ilk əvvəl 3 mln. manat ayrılıb. "Tikinti işlərinin sürətləndirilməsi üçün Azərbaycan prezidenti prezident fondundan daha 4,6 mln. manat ayırıb", - o bildirib.

300 kabinetdən ibarət yeni korpusda 5 min tələbə təhsil alacaq, birinci mərtəbədə BDU-nun poliklinikası fəaliyyət göstərəcək. Korpusda üç fakültənin - mexaniki riyaziyyat, tətbiqi riyaziyyat və tarix fakültələrinin fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Rektorun sözlərinə görə korpusun tikintisi hələ 1991-ci ildə başlayıb. Lakin maliyyə çatışmazlığı ilə əlaqədar işlər dayandırılıb. "Hazırda xaricdən olan mütəxəssislərin iştirakı ilə yeni korpusun tikintisi davam edir və yeni korpusu yeni tədris ilində - sentyabrın 15-də açılacaq", - BDU-nun rektoru söyləyib.

Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Universitetdə 1400 nəfərdən ibarət professor-müəllim heyəti, 1500 inzibati işçi çalışır, 18 min tələbə təhsil alır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti