...

Azərbaycanda "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəls olan dəstə başçısı 14 il iş aldı

Cəmiyyət Materials 28 İyul 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı,28 iyul / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda "Əl-Qaidə" və "Əl-Cihad" terror təşkilatları ilə əlaqəsi olan dəstə başçısı 14 il iş aldı. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə qanunsuz silahlı birləşmə yaradan "Əl-Qaidə" və "Əl-Cihad" beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan ərəb mənşəli, Əbu Cəfər ləqəbli Naif Əbdülkərim Əl-Bədəvi və onun rəhbərlik etdiyi 17 nəfərlik dəstənin üzvlərinə hökm oxunub.

Məhkəmədə cinayət işi üzrə Əbu Cəfər və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov, Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov, Daniyal Abuyev, Rafael Rəhimov və "Əbdul Malik" və "Hacı" ləqəbləri ilə tanınan Elçin Əlimirzəyev və başqalarının işinə baxılıb.

Məhkəmədən Trend -a verilən məlumata görə, dəstə üzvü Elçin Əlimirzəyevə, cəzasını ciddi rejimli müəssisədə çəkməklə, 12 il, digərlərinə isə, 3 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası verilib.

İstintaqı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən aparılan dəstə üzvləri Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup yaratma (279.2), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə(315.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə (228.2.1) maddələri ilə təqsirləndirilirlər.

Dəstə başçısı ötən il noyabrın 2-3-də MTN-in "Qartal" Xüsusi Təyinatlı Dəstəsi tərəfindən, qrupun bir neçə üzvü ilə birlikdə həbs olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq - mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı, ötən il sentyabrın 26 -da qrup üzvlərindən biri - Telman Abdullayev odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb və hadisə yerindən qaçıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti