Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Əbu-Bəkr məcsidində baş verən olayla bağlı TREND İnformasiya Agentliyinə eksklüziv müsahibə verib.
- Hidayət müəllim, Əbu-Bəkr məcsidində baş verən məlum olayda ilkin versiya kimi iki dini qrup arasında olan narazılığın nəticəsi irəli sürülüb. Siz nece hesab edirsiniz, Dövlət Komitəsinin terror aktı kimi qiymətləndirdiyi qanlı olay xarici qüvvələrin sifarişi, yoxsa daxili qruplaşmaların savaşı fonunda baş verib?
- Dövlət Komitəsi bu ağır cinayətlə bağlı öz münasibətini bildirib və hadisəni pisləyib. Mən özüm dünən hadisə yerində oldum. Azərbaycanda indiyə qədər belə bir hadisə baş verməyib. Allah evində, müqəddəs məkanda ibadət vaxtı günahsız insanlara qarşı ağır cinayət törədilib. Burada insanlar qətlə yetirilib, yaralananlar var. Hal-hazırda istintaq gedir və bu hadisəni təşkil edən, onu icra edənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün müvafiq hüquq-mühafizə orqanları gərgin və ardıcıl iş aparırlar. Istintaq başa çatmamış hər hansı versiya üzərində dayanmaq cəmiyyət arasında çaşqınlıq yarada bilər. Ona görə də baş vermiş hadisə barədə tam təsəvvürün formalaşması üçün istintaqın sonunu gözləmək lazımdir.
- Ümumiyyətlə, Azərbaycanda bu kimi olayların baş verməməsi üçün Dövlət Komitəsi səylərini hansı istiqamətdə gücləndirəcək? Xüsusilə, dini maarifləndirmə istiqamətində hansı işlər görüləcək?
- Gələcəkdə bu kimi halların baş verməməsi üçün təkcə Dövlət Komitəsi deyil, digər aidiyyatı orqanlar da müvafiq tədbirlər görəcəklər. Dini maarifləndirmə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz bu işə 2007- ci ilin iyul ayından başlamışıq. Bu günə qədər respublikanın şəhər və rayonlarında 200 - dən cox seminar-treninqlər keçirilib. Seminar -treninqlərdə dindarlarla yanaşı, müxtəlif dövlət strukturları, rayonların ictimaiyyət nümayəndələri və orta-ümumtəhsil müəssisələrinin rəhbərləri fəal ishtirak edirlər. Ayrı-ayrı kollektivlərdə də ayrıca seminar-treninqlər aparılır. Maarifləndirmə istiqamətində görülən bu işlər Dövlət Komitəsinin tədbirlər planına daxildir və gələcəkdə də davam edəcək.
- Hidayət müəllim, dəfələrlə mətbuata açıqlamanızda bəzi xarici qüvvələrin Azərbaycanda dinlərarası qarşıdurmanın yaradılmasında maraqlı olduğunu bildirmisiniz. Bu təhlükə bu gün üçün aktuallığını nə dərəcədə saxlayıb?
- Hazırda dini sahədə Azərbaycanı hər hansı bir təhlükə gözləmir. Ölkədə konfessiyalar arasında qarşılıqlı anlaşma və tolerantlıq mühiti hökm sürür. Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulub və bu gün istər daxildə, istərsə də xaricdə bu dövlətin dayaqlarını sarsıda biləcək hec bir qüvvə yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]