...

Hakimin qərarlarının Avropa Məhkəməsində ləğv olunması onun karyerasına təsir etməməlidir - Məhkəmə-Hüquq Şurasının üzvü

Cəmiyyət Materials 4 Sentyabr 2008 14:04 (UTC +04:00)
Hakimin qərarlarının Avropa Məhkəməsində ləğv olunması onun karyerasına təsir etməməlidir - Məhkəmə-Hüquq Şurasının üzvü

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Qəbul etdiyi qərarların İnsan haqları üzrə Avropa Məhkəməsində ləğv olunması hakimin karyerasına və hüquq ictimaiyyətindəki nüfuzuna təsir etməməlidir cümə axşamı jurnalistlərə açıqlamasında millət vəkili, Azərbaycan Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov bildirib.

Bir müddət öncə Avropa Məhkəməsi tərəfindən qərarı ləğv olunmuş Bakının Nəsimi rayon məhkəməsinin hakimi Gülnarə Tağızadə Sumaqyıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub. Bu hüquq ictimaiyyəti arasında ciddi narazılıqla müşahidə olunub.

Hüquqşünaslar qərarı ləğv olunmuş hakimlərin Məhkəmə-Hüquq Şurası tərəfindən cəzalandırılmalı olduğu halda, onların vəzifədə irəli çəkilməsinə etiraz ediblər.

Bu məsələyə münasibət bildirən millət vəkili bildirib ki, bu məntiqlə yanaşılsa, onda dünyanın heç bir ölkəsində yuxarı məhkəmə instansiyalarında çalışmağa hakim tapılmaz.

"Onda Avropa Məhkəməsi nəzarətedici qurum kimi qəbul olunar və bu da hakimlərin müstəqilliyınə təsir göstərər", - deyə Hüseynov vurğulayıb.

Məhkəmə-Hüquq Şurasının üzvü qeyd edir ki, hakim işə baxan zaman qanunu kobud şəkildə pozarsa, onun barəsində intizam icraatı başlanıla bilər. Avropa Məhkəməsində ləğv olunmuş qərarların Məhkəmə-Hüquq Şurasında öyrənildiyini deyən Hüseynov indiyədək belə bir halın qeydə alınmadığını vurğulayıb.

Avropa Məhkəməsi Azərbaycana qarşı 13 qərar qəbul edib.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib.

Ötən il ölkə başçısının fərmanları ilə hakim ştatları 50 faiz artırılıb.

Azərbaycanda hakimlər ömürlük seçilir. Hakimin pensiya yaşı 65 yaş müəyyən edilib. Müstəsna hallarda bu müddət 70 yaşadək artırıla bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti