...

Azərbaycanın futbol mütəxəssisləri Lixtenşteynlə oyunda milli yığmanın qələbə qazanmamasında baş məşqçini günahkar saymırlar

Cəmiyyət Materials 11 Sentyabr 2008 14:03 (UTC +04:00)
Azərbaycanın futbol mütəxəssisləri Lixtenşteynlə oyunda milli yığmanın qələbə qazanmamasında baş məşqçini günahkar saymırlar

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol mütəxəssisləri yığma komandanın Lixtenşteynlə oyunda qələbə qazanmamasında almaniyalı baş məşqçi Berti Foqtsun günahkar olmadığını bildirirlər.

"Lixtenşteynlə oyunun birinci hissəsində çoxlu qol epizodları yaratdıq. Hesab edirəm ki, həmin oyunda azı 1:0 hesabı ilə qələbə qazana bilərdik. Foqts yığmaya gənc futbolçuları cəlb edir ki, bu da gələcəkdə bizə çox xeyir verəcək", - yığma komandanın keçmiş müdafiəçisi, hazırda "Qəbələ" futbol klubunun baş məşqçisi olan Ramiz Məmmədov Azərbaycan - Lixtenşteyn oyunu ilə bağlı Trend -a deyib.

Sentyabrın 10-da Bakıda keçirilən Azərbaycan - Lixtenşteyn görüşü 0:0 hesabı ilə başa çatıb. Azərbaycan yığmasının Avropada ən zəif komandalardan sayılan Lixtenşteyni uda bilməməsi, çoxları tərəfindən narazılıqla qarşılanıb.

Məmmədov bildirib ki, Azərbaycan yığmasının DÇ-2010-nun seçmə mərhələsinin ikinci oyununda qələbə qazanmamasını faciə kimi qəbul etmək düz deyil: "Hələ qarşıda bizi çox oyunlar gözləyir. Çalışıb həmin oyunlarda qələbə qazanmalıyıq. Əsas odur ki, yığma komanda inkişaf etsin".

Azərbaycan yığması seçmə mərhələnin ilk oyununu səfərdə Uelsə qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Yığma komandanın keçmiş baş məşqçisi Şahin Diniyev isə Lixtenşteynlə oyunun nəticəsini reallıq kimi qəbul etməyin vacib olduğunu deyib.

"Yığma komandanın problemi baş məşqçi ilə bağlı deyil. Biz hər şeyə real yanaşmalıyıq. Artıq qəbul etməliyik ki, istəsək də, istəməsək də, güclülər arasında bizə yer yoxdur", - deyə Diniyev əlavə edib.

Azərbaycan yığması DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində növbəti oyununu oktyabrın 11-də səfərdə Finlandiyaya qarşı keçirəcək. Bu, Azərbaycan komandasının 2008-ci ildə keçirəcəyi sonuncu rəsmi görüş olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti