...

Azərbaycanda insan alveri ilə bağlı cinayətlər xeyli artıb

Cəmiyyət Materials 31 Oktyabr 2008 16:00 (UTC +04:00)
Azərbaycanda insan alveri ilə bağlı cinayətlər xeyli artıb

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda il ərzində insan alveri ilə bağlı cinayət 2007- ci illə müqayisədə 53,36 faiz artıb.

"2008 - ci ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb ki, bu da 2007- ci illə müqayisədə 119 fakt çoxdur",- Trend - un məlumatına görə, bu barədə cümə günü Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatında bildirilib.

Azərbaycan 2000 - ci il dekabrında imzalanmış və 2003 - cü il mayında Azərbaycan qanunu ilə təsdiq edilmiş BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolu təsdiq edib

2002 - ci ildə qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Prezidentinin 6 may 2004 - cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən, Daxili İşlər Naziriliyində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb.

Hesabatda qeyd olunub ki, törədilən cinayət əməllərinə görə 336 şəxs cinayət məsuliyyətinə cəlb olunub. İnsan alverinin qurbanı olan 72 nəfər müəyyənləşdirilib. Onların hamısı qadınlardır. Axtarışda olan 79 nəfərdən 41-i, o cümlədən İnterpol xətti ilə 6 cinayətkarın tutulması təmin edilib.

Məlumata görə, 2008 - ci ilin ötən dövründə insan alveri ilə məşgul olan 38 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabatda qeyd olunur ki, ABŞ Dövlət Departamentinin 2007- ci il üçün hesabatında Azərbaycanın "İkinci qrup"un nəzarət siyahısına enməsi anlaşılmazdır.

"Hesabatın istinad olunduğu mənbələr, qiymətləndirmə ölçüləri təəccüb doğurmaya bilməz. Araşdırmalar göstərib ki, insan alverinin qarşısının alınması sahəsində yetərli təcrübəsi olmayan bəzi qeyri - hökumət təşkilatlarının subyektiv fikri, eləcə də qərəzli mövqeyi ilə seçilən ayrı - ayrı hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanan həmin sənəddə əksini tapmış məqamlar, əslində, həqiqəti əks etdirmir", - illik hesabatda deyilib.

Hesabatda qeyd olunub ki, bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007- ci ildə həyata keçirilən tədbirlər, əvvəlki dövrlə müqayisədə, daha fəal olub və müvafiq iş göstəricilərinin dinamikası yüksələn xətt üzrə inkişaf edib. 2006 - cı ildə 27 fakt, 86 qurban, 2007- ci ildə 74 fakt, 101 qurban aşkar edilib. Bu ilin 10 ayı ərzində isə, 68 cinayət faktı üzrə 72 qurban müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti