Azərbaycan, Bakı, 22 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bu il 15 bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi açılıb.
Trend - un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetinə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilərkən, 15 bələdiyyədə aşkar edilmiş ciddi qanun pozuntuları barədə materiallar prokurorluq orqanlarına göndərilib.
Hesabat dövründə 420 - dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, 410 qanunsuz bələdiyyə aktı ləğv edilib, qanunazidd bələdiyyə qərarlarının ləğv edilməsi barədə məhkəmələrdə 138 iddia qaldırılıb.
Bu ilin fevralında bələdiyyələrin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin Milli Məclisə təqdim edilən hesabatında qeyd olunub ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayı, əvvəlki illərlə müqayisədə, artıb.
2006 - cı ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayət daxil olubsa, ötən il bu rəqəm 1649 təşkil edib.
Vətəndaşların əsas şikayətləri mülkiyyət hüquqlarının pozulması və onlara qanunla verilməli olan torpaq sahələrini əldə edə bilməmələri ilə bağlı olub.
Hesabatda qeyd olunub ki, 2007-ci ildə 25 bələdiyyə barəsində prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb. Həmin bələdiyyələrdən üçü ilə bağlı məhkəmə qərarı qəbul edilib, digərləri barəsində istintaq tədbirləri davam etdirilir. 2006 - cı ildə bələdiyyələrlə bağlı 17 cinayət işi açılıb.
Cinayət xarakterli pozuntular Abşeron, Salyan, Biləsuvar, Sabiradab, Şamaxı, Qobustan və Zaqatala rayonlarındakı bələdiyyələrdə qeydə alınıb.
Hesabatda qeyd olunub ki, görülən tədbirlər nəticəsində, 116 min 560 manat məbləğində vəsaitin uçotdan yayınmasının qarşısı alınıb və həmin vəsait bələdiyyələrin balansına qaytarılıb.
Bələdiyyə rəhbərlərinin cinayət xarakterli hərəkətləri nəticəsində, bələdiyyə mülkiyyətinə 253 min 639 manat məbləğində ziyan dəyib.
Bələdiyyələrin 301 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı - ayrı şəxslərin mülkiyyətinə, 31 ha torpaq sahəsinin qanunsuz istifadəyə və 1817 ha torpaq sahəsinin qanunsuz icarəyə verildiyi müəyyən olunub və həmin qərarlar Ədliyyə Nazirliyinin tövsiyələri əsasında, bələdiyyələr və məhkəmələr tərəfindən ləğv olunub. Bütövlükdə, 2149 ha torpaq sahəsinin qanunsuz satılmasının qarşısı alınıb.
Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodiki kömək göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]