Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Məhkəmə Azərbaycan paytaxtında keçirilən mitinq zamanı millət vəkili haqda ölüm fitvası verdiyi üçün saxlanılan şəxs barəsində həbs qərarını dəyişməyib.
Təqsirləndirilən Nardaran qəsəbə sakini Hacı Əli Hüseynovun vəkili Əlövsət Ağamoğlanov Trend -a bildirib ki, cümə günü Bakı Apellyasiya Məhkəməsində, hüquqlarını müdafiə etdiyi şəxsin Bakının Nərimanov rayon məhkəməsinin qərarından verdiyi şikayət təmin olunmayıb.
2009-cu il yanvarın 9-da Bakı şəhəri, Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında keçirilən mitinqdə adı çəkilən Hüseynov kənd ağsaqqalı kimi çıxış edərkən Vətəndaş Həmrəyliyi Patiyasının sədri, millət vəkili, xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətmiş, onu terrorla hədələmişdi.
Yanvarın 24-də Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon məhkəməsi Nardaran sakini barəsində həbs-qətimkan tədbiri seçib.
Bir neçə gün öncə saxlanılan Hacı Hikmət Vəliyev isə aksiyada millət vəkili Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bəyan etmişdi.
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı DİN-in Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırılıb.
Aksiya zamanı kənd ağsaqqalları Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiyini, bununla millətə xəyanət etdiklərini deyib.
"Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan "Səhər" (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır", - etiraz aksiyasında açıqlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]