Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanda 2003-cü illə müqayisədə 2008-ci ildə məhkumlar arasında baş vermiş ölüm hadisələrinin sayı 40%, vərəm xəstəliyindən vəfat edənlərin sayı 3 dəfə azalıb, - Ədliyyə Nazirliyində cümə axşamı ötən ildə görülmüş və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.
Kollegiyada bildirilib ki, ötən il fəaliyyətində kobud qanun pozuntularına və ciddi nöqsanlara yol vermiş 46 nəfər intizam məsuliyyətinə cəlb olunub, 16 əməkdaş tutduğu vəzifədən azad edilib, 13 nəfər ədliyyə orqanlarından xaric edilib.
Hesabat ilində məhkəmə icraçıları xidmətinin icraatında 100 mindən çox icra sənədi olub və onların 90 faizi tam icra edilib, hüquqi və fiziki şəxslərə ödənilən vəsait 2007-ci illə müqayisədə 40 faizə qədər artaraq 21 milyon manatdan çox olub.
Ədliyyə Nazirliyi tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə hazırlanan qanunvericilik layihələrinin sayı 2003-cü illə müqayisədə 2.3 dəfə, notariat hərəkətlərinin sayı 1.6 dəfə çoxalıb, istintaq edilən cinayət işlərinin sayı 3 dəfə, icra edilən məhkəmə qərarlarının sayı 2 dəfə, qeydiyyata alınan qeyri-kommersiya hüquqi şəxslərinin sayı 12 dəfə artıb.
Ötən il ərzində 587 nəfər ədliyyə orqanlarına işə qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]