...

Azərbaycanın Mətbuat Şurası cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək üçün sorğu keçirib

Cəmiyyət Materials 20 Fevral 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Mətbuat Şurasının cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək məqsədilə keçirdiyi sorğu başa çatıb.

"Min nəfər respondent arasında keçirilən sorğuda rəyi soruşulanların 69 faizi cəmiyyətin informasiya tələbatında televiziyaların başlıca rol oynadığını qeyd edib", - cümə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi (KİV) qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-yə yахın tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 İnformasiya Agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Respondentlərin 19 faizinin fikrincə, ölkədə ictimai rəy yazılı KİV-lərin, xüsusən də qəzetlərin təsiri ilə formalaşır. "Radioların bu istiqamətdəki fəaliyyəti 8,3 faizlə qiymətləndirilib. Yalnız 3,7 faiz ictimai rəyin əsasən internet resurslarının vasitəsilə formalaşdığı qənaətindədir", - məlumatda vurğulanır.

Rəyi soruşulanların 56,4 faizi düşünür ki, televiziyaların cəmiyyətin informasiyaya olan tələbatını ödəmək faizi nisbətən aşağıdır. "Bu baxımdan yazılı KİV-lərin faiz dərəcəsi 33,6 faizdir. Rəyi soruşulanların 5,2 faizi radioların onların tələbatını ödədiklərini bildiriblər.  4,8 faiz isə internet resurslarına üstünlük verir", - sorğu nəticəsində məlum olub.

"Televiziyalarda informasiyaya olan tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir" sualına respondentlərin 29,5 faizi xəbərlər proqramlarını göstərib. "23,7 faiz müxtəlif analitik proqramların başlıca cəhət olduğu qənaətindədir. Respondentlərin 37,2 faizi hesab edir ki, televiziyaların şou və əyləncə xarakterli verilişlərə üstünlük vermələri informasiyaya olan tələbatlarını ödəyir. 9,6 faiz isə yayımlanan digər proqramların informasiya təlabatının təminatçısı qismində çıxış etdiyini düşünür (10 faizlik həddi aşa bilməyən cavablar "digər" olaraq göstərilib)", - məlumatda qeyd edilir.

Rəyi soruşulanların 55,8 faizinin fikrincə, yazılı KİV-lərdə dərc edilən ictimai-siyasi, social-iqtisadi məzmunlu məlumatlar informasiyaya olan tələbatlarını ödəyir. "29.3 faiz düşünür ki, qəzetlərdə gedən analitik şərhlər məlumatalma tələbatlarını ödəyir. Respondetlərin 11,3 faizi yazılı KİV-lərdə gedən şou və əyləncə xarakterli məlumatları başlıca cəhət kimi dəyərləndirir. 3,6 faiz bu tip media vasitələrindəki digər mövzulu materiallara üstünlük verir", - Şuranın sorğusu nəticəində məlum olub.

19,3 faiz respondent düşünür ki, radioların yayımladıqları xəbərlər onların informasiya tələbatını ödəyir. "Rəyi soruşulanların 15,7 faizinin fikrincə, buradakı ictimai-siyasi məzmunlu proqramlar onların informasiya tələblərinin təminatçısı qismində çıxış edir. Şou və əyləncə xarakterli verilişlərin informasiyaya olan tələbatı ödədiyini düşünənlər 57,1 faiz təşkil edir. Bu baxımdan 7,9 faiz radioların yayımladıqları digər mövzulu proqramlara üstünlük verir", - bu nəticələr də rəy sorğusunun digər bir sualına cavabda müəyyənləşdirilib.

"İnternet resurslarda informasiya tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir" sualına 22.6 faiz respondent buradan əldə etdikləri ictimai-siyasi məzmunlu xəbərləri başlıca cəhət hesab edir. "54,9 faiz ölkədən kənarda baş verən hadisələr barədə xəbərlərin internet resurslarında yayımlanmasını informasiyaya olan tələbatının ödənilməsinin əsas şərti sayır. Rəyi soruşulanların 16,1 faizi bu qənaətdədir ki, internet resursları onları şou və əyləncə xarakterli informasiyalarla təmin etmək baxımından müstəsna əhəmiyyət kəsb edir. 6,4 faiz internet resurslarından digər mövzulu məlumatları əldə etdiklərini bildiriblər", - Şuranın açıqlamasında vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti