Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarında gecə saatlarında kriminal verilişlər və zorakılıq mövzusunda olan filmlərin nümayişinə məhdudiyyət qoyulmasını mümkün hesab etmir.
"İstənilən kriminal hadisə insanların intihar etməsinə şərait yaradırsa, buna qarşı tədbir görmək lazımdır. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, kriminal və zorakılıqla bağlı filmlər gecə saat 23:00-dan sonra nümayiş etdirilə bilər. Onların tamamilə ləğv edilməsi doğru deyil", - cümə axşamı Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Trend -un arayışı: Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında deputat Məlahət İbrahimqızı spiker Oqtay Əsədova müraciət edib ki, ayrı-ayrı televiziya kanallarında hər gecə nümayiş etdirilən kriminal verilişlərin və bu mövzuda filmlərin nümayişinə məhdudiyyət qoyulsun. Millət vəkilinin fikrincə, onların nümayişi yeniyetmə və gənclər arasında intihar hallarının artmasına səbəb olur.
Azərbaycan Milli Televiziya və Radio Yayımı Şurası yetkinlik yaşına çatmayan uşaqların fiziki və mənəvi hüquqlarının qorunması barədə hələ iki il öncə Qaydalar hazırlayıb.
Qaydalara əsasən, televiziya kanallarında erotik, qorxulu filmlər, həmçinin ciddi əhəmiyyətli, lakin uşaqların psixikasına mənfi təsir göstərə biləcək əməliyyatları əks etdirən süjetlər axşam saat 23.00-dan sonra göstərilməlidir. Qaydalara görə, kobud, ədəbsiz ifadələrin işləndiyi və çoxluq təşkil etdiyi filmlər də yalnız gecə saatlarında nümayiş etdirilə bilər. Bundan başqa, Teleradio Şurası xəbərlər proqramlarında tez-tez meyidlər, xüsusi qəddarlıqla öldürülmüş insan cəsədlərinin göstərilməməsini tövsiyə edib.
Şura bu qaydalara əməl edilib-edilməməsi üçün intensiv monitorinqlər aparır.
Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları dövlətin dəstəyi ilə kriminal veriliş və zorakılıq mövzusundakı filmlərin insanlara təsiri ilə bağlı sosioloji sorğular keçirə bilərlər.
"Sorğuların nəticələri Şuraya təqdim edilərsə, ona uyğun hərəkət edə bilərik. Dünyada mövcud kino sənayesi öz məhsullarını istehsal edib yayır. Biz onun qarşısını ala bilmərik. Tamaşaçının marağı əsas götürülməlidir", - MTRŞ sədri deyib.
Trend -un arayışı: Dünya Psixiatriya Assosiasiyasının konqresində XXI əsr "depressiya və intiharlar əsri" adlandırılıb.
Dünyada özünə qəsd hadisələrinin sayına görə postsovet ölkələri öndə gedir. Bu sırada birincilik Litvaya məxsusdur. Onluğu isə Rusiya, Qazaxıstan, Macarıstan, Latviya və Sloveniya, Ukrayna, Yaponiya və Estoniya qapayır.
Azərbaycanda intiharların sayı barədə rəsmi statistika açıqlanmır. İntiharların statistikası prokurorluqda aparılsa da, bu barədə ictimaiyyətə məlumat verilmir.
Azərbaycanda intihar hadisələri əsasən şimal və cənub regionlarında daha çox qeydə alınır. Respublikada intihar hadisələri isə daha çox gənclər arasında qeydə alınır.
Hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan bir milyonu öz istəyinə çatır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara nisbətdə daha yüksəkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]