...

1918-ci il martın 31-də baş vermiş soyqırım qurbanlarının xatirəsi Rumıniyada yad edilib

Cəmiyyət Materials 31 Mart 2009 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.Abdullayev /

1918-ci ildə martın 31-də baş vermiş soyqırım qurbanlarının xatirəsi Rumıniyada yad edilib. Rumıniyadakı Azərbaycan səfirliyində Heydər Əliyev fondunun təşəbbüsü ilə bu faciənin 91 illiyinə həsr olunmuş tədbir həyata keçirilib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar ermənilər tərəfindən törədilən kütləvi soyqırımdan xilas olublar.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov 1905-1907-ci illərdə baş vermiş erməni təcavüzü, Dağlıq Qarabağın işğalı, Xocalı hadisələri barədə danışıb.

Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Azərbaycan-Rumıniya Mədəniyyət Gənclər Assosiasiyası, Ticarət Palatası və SOCAR-ın nümayəndələri iştirak edib.

Həmçinin tədbirdə sərgi təşkil olunub.

Azərbaycanın Rumıniyadakı səfirliyi tədbirin yekunları üzrə parlamentə, QHT və bu ölkədə yerləşən diplomatik missiyalara press-reliz göndərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti