Əfqanıstanın Afghan Voice Agency (AVA) İnformasiya Agnetliyi və Azərbaycanın TREND informasiya agentliyi informasiya sahəsində əməkdaşlıq haqda razılaşma imzalayıb.
Razılaşma tərəflərin öz dövlətlərinin siyasi, iqtisadi, sosial və humanitar həyatı haqda qarşılqılı məlumatlandırma, o cümlədən informasiya, rabitə, foto sahələrində iş əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur. Agentliklər materialları bir-birinə fars və ingilis dillərində çatdıracaqlar.
Afghan Voice Agency 2001-ci ildə, Taliban hökumətinin devrilməsindən sonra müstəqil informasiya agentliyi kimi yaradılıb. Agentliyin əsas ofisi Kabildədir, həmçinin iki İran şəhəri - Tehran və Məşhəddə də əsas filialları fəaliyyət göstərir. Bir sıra Avropa ölkələrində, ABŞ-da, Pakistanın Pişəvar vilayətində nümayəndəlikləri mövcuddur. AVA informasiyanı üç - ingilis, fars və puştu dillərində istehsal edir.
TREND News Agentliyi - 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir. TREND News-un onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND News abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşdirən analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.
2006 və 2007-ci illərin yekunları üzrə TREND News İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008 - ci ildə TREND Agentliyi "XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.