...

Azərbaycanın ali məktəbində baş verən silahlı basqından 40 gün ötür

Cəmiyyət Materials 8 İyun 2009 10:54 (UTC +04:00)
Azərbaycanın ali məktəbində baş verən silahlı basqından 40 gün ötür

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Neft Akademiyasına bu il aprelin 30-da baş vermiş silahlı basqından 40 gün ötür.

Həmin tarixdə, saat 9.30 radələrində ali məktəbin Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu ələ keçməsin deyə özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən olunub ki, cinayəti törətmiş Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olub, uzun müddət Rusiya Federasiyasında yaşayıb və 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıdıb.

2009-cu il martın 12-də Marneuli-Bakı sərnişin avtobusunda sürücü köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirib. Qabulov paytaxtın Nizami rayonunun Çobanzadə küçəsində yerləşən, qardaşı - Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşıb.

Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 millimetr kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib götürülüb.

Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Qədirov Qazax rayonunun Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlayıb.

Əliyev martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşüb.

Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u saat 9.30 radələrində odlu silahla silahlanmış Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak edib.

Cavidan Amirovun yaşadığı mənzildə aparılmış axtarışla "AKM" avtomatına və "Makarov" tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram həşiş qatranı aşkar edilərək götürülüb.

Aparılmış istintaq tədbirləri nəticəsində Qədirovun həmkəndliləri, Gürcüstan vətəndaşları Əliyev və Amirov həbs olunub.

Əliyevə qarşı Cinayət Məcəlləsinin 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 32.5,120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Amirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.  

Maddi sübut olan giliz və güllələrin ilkin tədqiqatı nəticəsində onların yalnız bir silahdan - "Makarov" tapançasından atıldığı müəyyən edilmiş, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmayıb.

Tapılmış giliz və güllələrin Qədirovun üzərindən götürülmüş "Makarov" tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi aparılmış ekspert müayinələri ilə sübuta yetirilib.

Gürcüstanın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilib.

Fotoşəkillərdən ikisinin arxasında "24 февраля 2009 год Гадиров Фарда Одинокий Волк", digərində isə "У меня каждый шаг смерть. 10 ноября 2008 год. Гадиров Фарда" sözləri yazılmışdır. Əşyaların içində, həmçinin, müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokasset, üzərində rus dilində "Telefonun kamerasına bax, görərsən mən kiməm" yazısı olan kağız parçası, telefonunda isə "Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam" deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülüb.

Gürcüstanın hüquq-mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə "Makarov" tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib.

Bu cinayətdə Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.

Valideynləri və yaxınları Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən onun cəsədi sahibsiz kimi torpağa verilib.

Məhkəmə-ballistik ekspertiza ilə Qədirovun üzərindən götürümüş "Makarov" tapançasından Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti