...

Dünyadakı yəhudi lobbisinin Azərbaycan diasporuna yardımı artacaq - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 6 İyul 2009 11:27 (UTC +04:00)
Dünyadakı yəhudi lobbisinin Azərbaycan diasporuna yardımı artacaq - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, ölkəmizin İsraildə çox böyük diasporu mövcuddur.

"İsrail Prezidentinin bir müddət əvvəl Azərbaycana səfər etməsi, prezident İlham Əliyevin Azərbaycan-İsrail münasibətlərinə verdiyi yüksək əhəmiyyət həmin ölkədəki diasporumuzu daha da ruhlandıracaq. Nəticədə dünyadakı yəhudi lobbisinin Azərbaycan diasporuna yardımı daha da artacaq", - Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Trend -un arayışı: İsrailin Azərbaycandakı səfiri Artur Lenk daha öncə mətbuata bildirmişdi ki, İsraildə yaşayan azərbaycanlıların sayı ilə bağlı konkret rəqəm yoxdur.

Azərbaycandan İsrailə immiqrasiya etmiş israillilər tam hüquqlu İsrail vətəndaşları sayılırlar. Amma son 15 il ərzində Azərbaycandan İsrailə təxminən 40-50 min azərbaycanlı gedib. Azərbaycandan İsrailə immiqrasiya etmiş insanların çoxu yəhudilərdir.

İbrahimovun sözlərinə görə, indi İsraildə yaşayan və özünü azərbaycanlı hesab edən insanlar "Azİs" adlı təşkilat da yaradıblar.

"Bu təşkilatda Azərbaycandan köçüb gedən yəhudilər, eləcə də azərbaycanlılar birləşiblər. İsrail dövləti də həmin təşkilatın fəaliyyətini tam dəstəkləyir", - komitə sədri əlavə edib.

Onun fikrincə, "Azİs" təşkilatı Azərbaycan dövlətinin mənafeyinə xidmət edəcək çox böyük işlər görür.

"Bilirsiniz ki, bəzən İsrail Parlamentində qondarma erməni soyqırımı ilə bağlı məsələlər gündəmə gətirilir. Bu cür məsələlər ortaya çıxanda, həmin təşkilat mövqeyini bildirir və hər zaman müvəffəqiyyətə nail olur", - İbrahimov vurğulayıb.

2007-ci ilin aprelində təsis edilmiş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) İsraildəki azərbaycanlıların təşkilatlanmasında, onların ölkənin ictimai-siyasi həyatında fəallığının artmasında rolu böyükdür. Azİs-in İsraildə 40 mindən çox üzvü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti