...

Azərbaycanda türkiyəli iş adamının məhkəməsi başlayıb

Cəmiyyət Materials 25 Avqust 2009 16:17 (UTC +04:00)
Təqsirləndirilənlər Hüseyn Arabul, Ayhan Dönməz, Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev və Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermə, sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunurlar.
Azərbaycanda türkiyəli iş adamının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir H.Bağırov /

Azərbaycanda türkiyəli iş adamı, keçmiş "Barmek"in prezidentinin məhkəməsi başlayıb.

Təqsirləndirilənlər Hüseyn Arabul, Ayhan Dönməz, Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev və Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermə, sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunurlar. İttihama görə, Arabul Ahmet Arslanın adına yazılmaqla öz fotoşəkli əks olunmuş saxta sürücülük vəsiqəsi əldə edib. O, özünü Avşar kimi təqdim edən Türkiyə vətəndaşı İrfan Altınbarmakı Azərbaycana dəvət edərək əvvəlcə yük maşınları ilə Qazaxıstana getməyi planlaşdırıb. Lakin bu planı həyata keçirə bilmədiyindən Gürcüstanla olan sərhədi pozmaqla ölkəni tərk etməyi qərara alıb.

Onlar bu məqsədlə Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Tarik Olmaçin vasitəsilə Ayhan Dönməzlə əlaqəyə girərək ondan kömək istəyiblər. Bunun müqabilində Ayhana 8 min dollar məbləğində pul verəcəklərini vəd ediblər. Ayhan pulun 5000 dollarını qəbul edib. Qaynı, Şəmkir rayon sakini Ramal Əkbərovla bu barədə danışaraq onun vasitəsilə Hüseyn Arabulun və İrfan Altınbarmakın mayın 24-də Şəmkir rayonuna getməsini təşkil edib. Bu işə görə Əkbərova 3000 ABŞ dolları vəd olunub.

Arabul Şəmkir və Qazax rayonunda Əhməd adı ilə yaşayıb və tanınmamaq üçün saçını rəngləyib, özünə istirahət edən adam görkəmi vermək məqsədilə balıqçı paltarı geyinərək üstündə balıqçı tilovu gəzdirib.

Əkbərov Moskvaya getməli olduğundan Arabulun sərhədi qanunsuz keçməsini təşkil etməyi dostu Mahir Lətifova tapşırıb.

Lətifov mayın 29-da Arabulla İrfanı Şəmkirdən Qazaxa gətirərək "Göyəzən" mehmanxanasına yerləşdirib. Arabul saxlanılarkən izahatında sərhədi qanunsuz keçdiyini bildirib və bu barədə rəhbərliyə məruzə edilməməsi, geriyə Azərbaycana buraxılması üçün 30 min dollar pul təklif edib.

Bu gün keçirilən prosesdə Arabuldan başqa bütün təqsirləndirilənlər ifadə verib. Onlar sərhəddən keçməsinə kömək edəcəkləri şəxsin Hüseyn Arabul olduğundan xəbərsiz olduqlarını deyiblər və həmin şəxsin onlara Əhməd kimi təqdim edildiklərini bildiriblər.

Proses avqustun 26-da Arabulun ifadəsi ilə davam edəcək.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.

Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti