Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, KİV-ə Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi qrant fəaliyyətini müvəffəqiyyətli hesab etmək olar.
"Hər bir qurumun fəaliyyətində məxsusilik axtarsaq, nöqsan tapmaq olar. Amma düşünürəm ki, KİV-ə Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi qrant fəaliyyətini müvəffəqiyyətli hesab etmək olar", - Trend -un məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Trend -un arayışı: Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyunun 25-dən 12 istiqamət üzrə müsabiqə elan etmişdi. Hər layihə üçün maksimum məbləğ 20 min manat müəyyənləşdirilmişdi. Ərizələr iyulun 1-dən 31-dək qəbul olunmuşdu.
Qaliblərdən 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.
Həsənov bildirib ki, Fond bu il yaranıb və təzəcə fəaliyyətə başlayıb. "Müəyyən çətinliklər mövcuddur, xüsusən KİV-in təsnif olunmasında, yəni hansı KİV sözün həqiqi mənasında Azərbaycanda söz, mətbuat, məlumat fəaliyyətini həyata keçirir, cəmiyyətin şəffaflığını təmin edib, insanların informasiya təminatını həyata keçirib. Buna görə də Fondun birinci fəaliyyətini uğurlu hesab etmək olar", - o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]