Kəhrizək həbsxanasında baş verən hadisələrə görə 7 polis saxlanılıb - Tehran şəhər prokuroru

Cəmiyyət Materials 12 Sentyabr 2009 14:20 (UTC +04:00)
Tehran şəhər prokuroru Şükrullah Bəhrami bildirib ki, Kəhrizək istintaq təcridxanasında baş vermiş hadisələrə görə 7 polis əməkdaşı həbs olunub və istintaq davam edir.
Kəhrizək həbsxanasında baş verən hadisələrə görə 7 polis saxlanılıb - Tehran şəhər prokuroru

Tehran şəhər prokuroru Şükrullah Bəhrami bildirib ki, Kəhrizək istintaq təcridxanasında baş vermiş hadisələrə görə 7 polis əməkdaşı həbs olunub və istintaq davam edir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən xəbər verir.

Həbs olunanlar təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxana problemlərinin yuxarı instansiyalara çatdırılmaması, məhbusların saxlanması və qorunmasına dair verilmiş göstərişlərin yerinə yetirilməməsi, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq etmək və təcridxananın fəaliyyətinə nəzarət zamanı səhlənkarlığa yol verməkdə ittiham olunurlar.

"İndiyədək Kəhrizək istintaq təcridxanasında xəsarət almış məhbuslardan 104-ü prokurorluğa öz şikayət ərizələrini təqdim ediblər. Hazırda araşdırmalar davam edir", - deyə Bəhrami bildirib.

Kəhrizək həbsxanası Tehranın yaxınlığında olan Kərəc şəhərinın ərazisində yerləşir. İranın ali lideri Əli Xamneyi iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. BBC-nin həmin gün yaydığı məlumata əsasən, bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhüləmininin və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib.

Xəbər lenti

Xəbər lenti