İranın səhiyyə naziri Mərziyyə Vəhid Dəstcerdi bildirib ki, İranda hər 10 dəqiqədə bir nəfər Alzheimer xəstəliyinə düçar olur. Bu barədə İran Televiziyasının rəsmi saytı məlumat yayıb.
"Ölkədə 4 milyon 200 min nəfər təşkil edən yaşlı insanların 6 faizi Alzheimer xəstəliyinə tutulub", - deyə Dəstcerdi bazar ertəsi Beynəlxalq Alzheimer günü münasibəti ilə açıqlamasında bildirib.
Dəstcerdi İranda bu növ xəstəliklərin gələcəkdə hökumət və əhali üçün problemlər yaradacağını bildirib. Dəstcerdi həmin xəstəliklə mübarizə məqsədi ilə İran Səhiyyə Nazirliyinin tabeliyində və ya özəl olaraq Alzheimer Xəstəlikləri Mərkəzinin yaradılması üçün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.
Alzheimer xəstəliyi yaşlı insanlarda yaddaşın itməsi, depresiya, danışıq qabiliyyətinin itməsi ilə müşayət olunur və ən ağır formada tənəffüs yollarının tutulması nəticəsində ölümə səbəb olur. Hər il sentyabr ayının 21-də Beynəlxalq Alzheimer günü kimi qeyd olunur.