Azərbaycan, Lənkəran, 6 aprel /Trend, müxbir P.Əliyeva/
Azərbaycanın İranla sərhəd bölgəsində 55 dini icma dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov Trend-ə bildirib ki, cənub rayonlarında (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı) fəaliyyət göstərən 160-dan çox dini icma qeydiyyatdan keçmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib.
Bədirovun sözlərinə görə, fəaliyyətlərini rəsmiləşdirmək üçün Komitəyə sənədlərini təqdim etmiş 100-dən çox dini icmanın da yaxın vaxtlarda qeydiyyatdan keçməsi gözlənilir.
Şöbə müdiri bildirib ki, bölgənin yeddi rayonu üzrə mövcud olan 470 məsciddən 300-ü müntəzəm, 170-i isə dövri fəaliyyət göstərir.
"Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər bölgə üzrə 75 dini icma qeydiyyatdan keçmişdi.
Bədirov bildirib ki, fəaliyyətdə olub, lakin qeydiyyat üçün komitəyə müraciət etməyən icmalar haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.
Onun sözlərinə görə, bölgədəki qanunsuz dini qurumların fəaliyyətinə qarşı mübarizə gücləndirilib. Bunun nəticəsidir ki, bölgədə zərərli kitabların ölkəyə idxalının sayının azalması müşahidə olunur.