Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda azadlığa buraxılmış rezistent vərəmli məhkumların müalicəsinin davam etdirilməsi işinə başlanıb. Bu barədə Ədliyyə Naziliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Trend-ə müsahibəsində bildirib.
"Azadlığa buraxılan rezistent vərəmli məhkumların müalicəsi yarımçıq qalmasın deyə, onların müalicəsi nəzarət altında aparılır və biz bu işin dairəsini genişləndirmək istəyirik", - idarə rəisi vurğulayıb.
Mehdiyev deyib ki, müalicəyə cəlb olunmuş rezistent vərəmli məhkumların azadlığa buraxıldıqdan sonra müalicəsinin davam etdirilməsi işi Tibb Baş İdarəsi, Ağ Ciyər Xəstəlikləri İnstitutu və BQXK ilə əldə olunmuş razılıq əsasında həyata keçirilir.
"Məhkumlar xüsusi bir kateqoriyadır, öz psixologiyaları var və onlara fərdi yanaşmaq lazımdır. Bəzi hallarda məhkumlar azadlığa buraxıldıqdan sonra, müxtəlif bəhanələrlə müalicədən yayınırlar. Belə halların baş verməməsi, azadlığa çıxmış məhkumun tam sağalması məqsədilə belə bur razılaşma əldə olunub və müvafiq işlər aparılır", - deyə idarə rəisi bildirib.
Azərbaycanda məhkumlar arasında 1995-ci illə müqayisədə vərəmdən ölüm hallarının 32,5 dəfə azaldığını deyən Mehdiyev, onlar arasında ümumi ölümün də bu müddət ərzində 11,4 dəfəyə qədər aşağı düşdüyünü bildirib.
"Bu, son illərdə, xüsusən, son 10 ildə penitensiar sistemdə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatların nəticəsidir. Misal üçün, 2009-cu ilin yekunlarına görə, təkcə vərəm xəstəliyindən ölənlərin sayı əvvəlki illə müqayisədə iki dəfə azalıb", - deyə Mehdiyev vurğulayıb.
İdarə rəisi bildirib ki, vərəmli məhkumlar üçün nəzərdə tutulan ixtisaslaşmış müalicə müəssisəsində hazırda 700-ə yaxın məhkum var və onlardan 150-dən çoxu dispanser nəzarətdə, 500-dən çoxu isə müalicə və tibbi müşahidədir.
Penitensiar sistemdə son illərdə vərəmin yayılma tendensiyasının azaldığını və yeni yoluxma hallarının aşağı düşdüyünü deyən idarə rəisi, vərəmdən əziyyət çəkən məhkumların böyük qisminin 30-35 yaşdan yuxarı olduğunu bildirib. O qeyd edib ki, vərəm xəstəliyinə daha çox təkrar məhkumluq həyatı keçirən, sanitar-gigiyena qaydalarına riayət etməyən, qidalanması zəif olan, immun sisteminin zəifləməsinə səbəb olan hepatit C, HİV daşıyıcıları olan məhkumlar arasında rast gəlinir.
Mehdiyev bu istiqamətdə aparılan islahatlar nəticəsində vərəmlə mübarizə sahəsinə yeni kadrlar, instrumental müayinə metodları və ən müasir laborator müayinə metodlarının cəlb olunduğunu bildirib.
"Vərəm müəssisəsində müasir vərəm diaqnostikası üzrə laboratoriyamız fəaliyyət göstərir. Həmin laboratoriya Almaniyanın Borstel şəhərində yerləşən ali millii istinad laboratoriyasının keyfiyyət sertifikatını alıb. Yəni bizim laboratoriyada son 5 ildə aparılan müayinələr həmin laboratoriyada yenidən yoxlanılıb və nəticələr tam təsdiq edilib. Bizim laboratoriyada təkcə vərəm çöpləri aşkarlanmır, həm də I və II sıra vərəm əleyhinə preparatlara qarşı həssaslıq da müəyyən edilir. Vərəm çöplərinin təkcə bakteioskopik yox, həm də kultural - yəni əkmə üsulu ilə aşkarlanması həyata keçirilir. Həmin laboratoriyada mülki sektordan təqdim olunan 700-ə yaxın bəlğəm müayinəsi aparılıb. Yəni mülki sahədə fəaliyyət göstərən vərəmlə mübarizə müəssisəsindən xəstələrin bəlğəminin müayinəsi də laboratoriyamızda aparılmış, vərəm çöpləri təsdiq olunmuş xəstələrdə isə vərəm əleyhinə preparatlara qarşı həssaslıq yoxlanılmışdır", - idarə rəsmisi bildirib.
Mehdiyev deyib ki, penitensiar sistemdə əvvəllər vərəmin diaqnozu bakterial müayinə nəticəsində 4 ay müddətində təsdiq edilirdisə, yeni laboratoriya və avadanlıqlar sayəsində 15 gün müddətində bu diaqnozu müəyyən etmək mümkündür. Bunun üçün 2007-ci ildə penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində respublikada ilk dəfə baktek MGİT laborator avadanlığının tətbiqinə, 2008-ci ildə isə HAİN testlərinin istifadəsinə başlanılıb.
Ümumdünya Səhiyyə Təşkilatının himayəsi altında fəaliyyət göstərən İsveçrənin FİND təşkilatı ilə əldə olunmuş razılıq əsasında 2008-ci ilin sonundan laboratoriyada daha müasir avadanlığın eksperimental tətbiqinə başlanıldığını deyən Mehdiyevin sözlərinə görə, "GeneXpert" adlanan avadanlıq hazırda nümayiş mərhələsindədir.
"Bu avadanlıq sayəsində 1-1,5 saat müddətində vərəm çöplərinin aşkarlanması və iki vərəm əleyhinə preparata qarşı həssaslığın müəyyən edilməsi mümkündür. Bu da rezistent formalı vərəmin erkən aşkarlanmasına kömək edir. Bu avadanlıq dünyanın cəmi 5 ölkəsində mövcuddur və ilin sonuna kimi nümayiş mərhələsindədir. Apardığımız müayinələrin nəticəsini FİND ümumiləşdirilmiş qaydada Ümumdünya Səhiyyə Təşkilatına təqdim edərək, həmin avadanlığın ilkin səhiyyə sistemlərində geniş tətbiq olunması barədə təkliflə çıxış edəcək və inanıram bu, vərəmin aşkar olunması sahəsində ən müasir avadanlıq olacaq", - idarə rəisi bildirib.
Penitensiar sistemdə vərəmlə mübarizəyə 1995-ci ildən BQXK-nin dəstəyi ilə başlanıldığını deyən Mehdiyev bildirib ki, son illərdə bu sahədə əldə olunmuş nailiyyətlər nəticəsində BQXK penitensiar sistemdə bu işin həyata keçirilməsindən tədricən çəkilir.
"Faktik olaraq son 3-4 ildə BQXK yalnız kiçikhəcmli texniki dəstək və tövsiyə xarakterli köməklə öz fəaliyyətini məhdudlaşdırır. Ancaq biz onlarla yenə də birgə fəaliyyəti davam etdirir və yüksək nəticələr əldə edirik. Ümid edirik, gələcəkdə də belə olacaq. Vərəm sahəsində nailiyyətlərimiz 1995-ci ildə BQXK-nin DOTS layihəsinin tətbiqi ilə başladı. 2007-ci ildən isə biz DOTS+ müalicə metoduna başladıq. Bu metodun mahiyyəti rezistent formalı vərəmin müalicəsində II sıra vərəm əleyhinə preparatlatrın tətbiqinə əsaslanır. Bu gün ixtisaslaşdırılmış müalicə müəssisəsində 250-yə yaxın rezistent formalı vərəmi olan məhkum artıq müalicəyə cəlb olunub. Müalıcənin nəticələrində bizim nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hədəfdən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu istiqamətdə işlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında xüsusi proqramla həyata keçirilir və "Qlobal Fond"un layihələri də bu işin həyata keçirilməsinə yönəldilir", - R.Mehdiyev qeyd edib.
Penitensiar sistemdə vərəmlə mübarizə istiqamətində görülən işlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini deyən Mehdiyevin sözlərinə görə, Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə kimi göstərilir.
Vərəmlə mübarizənin bütün cəmiyyətin vəzifəsi olduğunu diqqətə çatdıran həkim, bu sahədə ciddi maarifləndirmə və təbliğata ehtiyac olduğunu vurğulayıb.
"Vərəm çöpləri aparılan müalicələr nəticəsində "ənənəvi" antibiotiklərə qarşı həssaslığını itirmişdir və rezistent formalı vərəm formalaşmışdır. İndi artıq elə vərəm çöpləri formalaşıb ki, onlar, hətta II sıra vərəm əleyhinə preparatlara da həssaslığını itirib. Vərəmin yayılmasının qarşısı nə qədər tez alınarsa, xəstələr müalicəyə vaxtında cəlb olunarsa, müalicənin davamlı olaraq başa çatdırılması təmin olunarsa və maarifləndirmə sistemi düzgün qurularsa, bu problemlə mübarizə bir o qədər səmərəli olar", - deyə R.Mehdiyev vurğulayıb.