...

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxs barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Cəmiyyət Materials 22 Aprel 2010 16:58 (UTC +04:00)
Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxs barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxs barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxs barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayevİlahibə Ələsgərovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Sonra ifadə verən Şöhrət Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, saxta ittihamlarla həbs edilib. Onun sözlərinə görə, iş adamları Əhməd İbrahimov və Kamal Ələkbərovun qətlə yetirilməsi sifarişini verməyib.

Digər təqsirləndirilən İlham Şabanov elan olunmuş ittihamları qəbul edib. O, bildib ki, Elmar adlı şəxs tərəfindən Kamal Ələkbərov və Əhməd İbrahimovun qətli sifarişini alıb. Onun sözlərinə görə, aldığı pul müqabilində qətl hadisəsini törədib.

Digər təqsirləndirilənlər isə elan olunmuş ittihamları qəbul etməyiblər.

İttihama görə, 2003-cü ilin dekabında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, dəstəni odlu silah və döyüş sursatı ilə təchiz ediblər.

Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayət aləti olan "Makarov" tapançası həmin il dekabrın 27-də Bakı şəhəri, B.Nuriyev küçəsi, 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.

Quliyev mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də "Makarov" tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.

İstintaqla müəyyən olunub ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus "Quş südü" adlandırılan kafedə mütəmadi yığışaraq, törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş "Kalaşnikov" avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə), 217 (banditizm) və 228 (qanunsuz olaraq odlu silah, sursat əldəetmə və saxlama) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti