Azərbaycanda insan alveri qurbanlarına verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı sənəd Maliyyə Nazirliyində müzakirə edilir - DİN-in idarə rəisi

Cəmiyyət Materials 28 Aprel 2010 12:05 (UTC +04:00)
Azərbaycanda insan alveri qurbanlarına verilən kompensasiyanın məbləğinin artırılması üçün təkliflər paketi hazırlanıb.
Azərbaycanda insan alveri qurbanlarına verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı sənəd Maliyyə Nazirliyində müzakirə edilir - DİN-in idarə rəisi

Azərbaycan, Bakı, 28 aprel /Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda insan alveri qurbanlarına verilən kompensasiyanın məbləğinin artırılması üçün təkliflər paketi hazırlanıb.

"Hazırda Maliyyə Nazirliyində bu məsələyə baxılır. İndi insan alveri qurbanlarına 33 manat məbləğində kompensasiya verilir. Sənəddə bu məbləğin 500 manata qaldırılması təklif olunub", - Trend-in məlumatına görə, çərşənbə günü Azərbaycanda insan alveri ilə mübarizə həftəsinin elan olunması ilə bağlı keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ötən il insan alverinin qurbanı olan qadınlar daha çox Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və İrana aparılaraq istismar olunublar.

"Ötən il Azərbaycanda 91 nəfər insan alverinin qurbanı olub. İnsan alveri ilə bağlı 80 cinayət faktı aşkarlanıb. Ötən il bu qəbildən olan cinayətlər sırasında 3 fakt əməyin istismarı ilə bağlıdır.76 şəxs bu cinayətlərə görə məsuliyyətə cəlb olunub. Hesabat dövründə 4 insan alveri qurbanı olmus Özbəkistan vətəndaları öz ölkələrinə təhvil verilib. Məsuliyyətə cəlb olunmuş şəxslərin 90-95 faizi qadınlardır", - Şıxəliyev əlavə edib.

Şıxəliyev Azərbaycanın iqtisadi cəhətdən inkişafını nəzərə alaraq, ölkənin gələcəkdə təyinat ölkəsi olacağını mümkün sayır.

Mayın 1-7-si Azərbaycanda insan alveri ilə mübarizə həftəsi elan olunub. ATƏT-in Bakı ofisi və Azərbaycan hökumətinin birgə elan etdiyi mübarizə həftəsinin məqsədi bu sahədə maarifləndirmə işini gücləndirməkdir. Bununla bağlı həftə çərçivəsində Bakıda, Şirvanda və Sumqayıtda silsilə maarifləndirmə tədbirləri keçiriləcək. Həftə ərzində hava, dəniz limanında, avtovağzallarda, dəmiryol vağzalında əhaliyyə insan alverili ilə mübarizə məqsədilə hazırlanmış bukletlər paylanacaq, gəzintilər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti