Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Avropa İttifaqı ölkələrinin parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması qərara alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, bu barədə qərar Tallində "Avropa İttifaqı ölkələri parlamentləri və Azərbaycan: Parlamentlərarası əməkdaşlığın inkişafı və Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının təşkili" mövzusunda keçirilən konfransda qəbul edilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Latviyadakı səfirliyinin, Estoniya Parlamenti və Azərbaycan-Estoniya parlament dostluq qrupunun, həmçinin "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi, Estoniya, Latviya, Litva parlamentlərindəki Azərbaycanla dostluq qruplarının üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
Toplantıda əsasən Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilib.
Estoniya Parlamentinin azərbaycanlı deputatı, buradakı Estoniya-Azərbaycan dostluq qrupunun rəhbəri Eldar Əfəndiyev deyib ki, Baltikyanı ölkələrin və Azərbaycanın parlamentləri arasında əlaqələrin normal olmasına baxmayaraq, perspektivli əməkdaşlıq sahəsində bəzi maneələr var. Belə ki, parlamentlərarası işçi və dostluq qruplarının üzvlərinin seçildikləri dövrdə gördüyü işlər və reallaşdırılan layihələr sona çatmır, yəni parlamentlər qalır, amma deputat korpusu dəyişilir və bununla da ardıcıllıq pozulur. Bu maneəni aradan qaldırmaq üçün daimi fəaliyyət göstərən bir qurumun yaradılması məqsədəuyğundur.
Konfransda Latviya Parlamentinin deputatı, Azərbaycan Parlamenti ilə əməkdaşlıq qrupunun üzvü Oskars Kastens, Estoniya deputatı, Avropa İttifaqı işləri üzrə komissiyanın üzvü, Avropa Şurası Parlament Assambleyasında Estoniya nümayəndə heyətinin üzvü Mailis Reps, Litva parlamentinin nümayəndəsi, Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun sədr müavini Arturas Melianas moderatorluq ediblər.
Estoniyalı millət vəkili Vladimir Velman isə öz çıxışında Baltik Assambleyasının GUAM ölkələri ilə sıx əməkdaşlığını vacib saydığını bildirib. Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev öz çıxışında Azərbaycanın Avropa İttifaqına inteqrasiyasının vacibliyini vurğulayıb.
Konfransın ikinci hissəsində Azərbaycan Prezindenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkəmizin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə toplantı iştirakçılarına məlumat verib.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov həm respublikamızın Avropaya inteqrasiyasına, həm də yeni yaradılan Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının işinə diaspor təşkilatlarının verə biləcəyi töfhələrdən danışıb və bunun üçün diasporumuzun parlamentlərlə, həmçinin QHT-lərlə əməkdaşlığını vacib sayıb.
Tədbir çərçivəsində həmçinin Baltikyanı dövlətlərin və Azərbaycanın QHT Forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunub. Yaxın vaxtlarda bununla bağlı memorandum imzalanacaq.