Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycan Futbol Federasiyaları Assosiassiyası (AFFA) "Qarabağ" - "Visla" oyununun biletlərinin bir qrup şəxs tərəfindən həqiqi dəyərindən bir neçə dəfə baha satılmasının qarşısının alınması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Bu barədə AFFA-nın məlumatında deyilir.
"Qarabağ" - "Visla" matçı UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Polşada keçirilən ilk görüş "Qarabağın" 1:0 hesablı qələbəsi ilə başa çatıb.
AFFA artıq milli komandanın oyunlarına bilet satışını yeni sistem əsasında həyata keçirməyə başlayıb və avqustun 11-də keçiriləcək Azərbaycan-Küveyt oyununa biletlər yeni sistemə uyğun olaraq satışa çıxarılıb.