...

Azərbaycanda vəkil olmaq üçün 30 nəfər sənədlərini təqdim edib

Cəmiyyət Materials 10 Avqust 2010 11:35 (UTC +04:00)
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə axşamı Trend-ə bildirib ki, vəkilliyə qəbulla bağlı iyulun 15-dən sənəd qəbulu başlayıb.
Azərbaycanda vəkil olmaq üçün 30 nəfər sənədlərini təqdim edib

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkil olmaq üçün 30 nəfər Vəkillər Kollegiyasına sənəd verib.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə axşamı Trend-ə bildirib ki, vəkilliyə qəbulla bağlı iyulun 15-dən sənəd qəbulu başlayıb.

İmtahanlarda iştirak etmək üçün 190-a yaxın hüquqşünasın kollegiyaya müraciət etdiyini deyən Nəcəfov bildirib ki, 30 nəfər tələb olunan sənədlərini müsabiqə komissiyasına təqdim edib.

Sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Sədr müavini bildirib ki, əvvəllər hakim və vəkil işləmiş şəxslərin vəkilliyə qəbulu ilə bağlı avqustun sonunadək müsahibə keçiriləcək.

Müsahibədə iştirak etmək üçün 30 nəfər müraciət edib.

Bu kateqoriyadan olan şəxslər VK-nin üzvlüyünə test imtahanı vermədən müsahibə yolu ilə qəbul ediləcəklər.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən sonuncu əlavə və dəyişikliklər qüvvəyə mindiyindən, əvvəllər hakim və ya vəkil işləmiş şəxslərə belə bir imkan yaradılıb.

Qanuna əlavə və dəyişikliklərdə qeyd olunur ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı test vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

Nəcəfov bildirib ki, əlavə və dəyişikliklərə qədər hakim və ya vəkil işləmiş şəxslər test imtahanı verməklə yanaşı, icbari təlim alandan sonra vəkillik fəaliyyətinə başlayırdılar.

Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti