Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H.Bağırov/
Baş Prokurorluğun insan alverində təqsirləndirilən qadının cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Trend-in məlumatına görə, Gəncə Apelyasiya Məhkəməsində insanın daxili orqanlarının satışı ilə məşğul olmaqda təqsirləndirilən Bərdə rayon sakini İradə Səfixanovanın cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib.
Qərara görə, Səfixanovanın barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilməyib.
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Səfixanovanın cinayəti sübuta yetirilməyib.
Məhkəmə Səfixanovanın barəsində olan cinayət işinə xitam verərək, bəraət hökmü çıxarıb. Səfixanova məhkəmə zalından azadlığa buraxılıb.
Səfixanova Cinayət Məcəlləsinin insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcburetmə (137), həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək (144-1.2.7, 144-1.2.9) maddələri ilə ittiham olunub.
İttihama görə, Səfixanova Esmira Naibovanı 3 min manat pulunun qaytarılması müqabilində onun böyrəklərinin tranplantasiya edilməsi üçün İran İslam Respublikasının Tehran şəhərinə aparıb. Tehran şəhərində yerləşən Haşimi Nejad böyrək köçürmə mərkəzində Naibovanın sol böyrəyi əməliyyat yolu ilə Adilə Abdullayevaya köçürülüb.
Bunun müqabilində isə Abdullayeva Naibovaya 10 min manat pul ödəyib.