...

Ermənistan tərəfindən işğal olunmuş Xocavənd rayonunda 47 adda bitki və 19 adda ağac nümunələri məhv olub – Azərbaycan Ekologiya Nazirliyi

Cəmiyyət Materials 2 Oktyabr 2010 11:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, işğal olunmuş Xocavənd rayonu ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlək materiala yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
Ermənistan tərəfindən işğal olunmuş Xocavənd rayonunda 47 adda bitki və 19 adda ağac nümunələri məhv olub – Azərbaycan Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, işğal olunmuş Xocavənd rayonu ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlək materiala yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Daxil olmuş məlumatlara əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.

Sahəsi 145 647 hektar olan Azərbaycanın Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub. Rayonun işğalından 18 il keçir.

Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min kubmetr/gün olan yeraltı şirin su yataqları var.

Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın "Qırmızı kitab"ına daxil edilmiş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

Rayonun Kuropatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti