...

Azərbaycanda sürücülük hüququ məhdudlaşdırılan sürücülər imtahan vermədən bu hüquqdan istifadə edə bilərlər – ekspertlər

Cəmiyyət Materials 7 Oktyabr 2010 10:31 (UTC +04:00)
Azərbaycanda sürücülük hüququ məhdudlaşdırılan sürücülər imtahan vermədən bu hüquqdan istifadə edə bilərlər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycanda nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış sürücülər yenidən imtahan vermədən bu hüquqdan istifadə edə bilərlər.

İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət azaldıqda, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.

Qanunun bu müddəası birbaşa bu hüququ məhdudlaşdırılan şəxsin sürücülük hüququnun müddəti başa çatandan sonra bərpa olunduğunu təsdiq edir.

Lakin Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 saylı qərarı ilə təsdiq olunmuş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" Əsasnamədəqeyd olunur ki, bu halda şəxsin təcrübi və nəzəri bilik səviyyəsi yoxlanılmaqla şəxs bu hüququndan istifadə edə bilər.

Əsasnamənin 2.13-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır. İnzibati Xətalar Məcəlləsinin qeyd olunan norması ilə NK-nın həmin qərarı arasında ziddiyyət yaranır.

Təcrübədə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu inzibati tənbeh növünü tətbiq edərkən, İnzibati Xətalar Məcəlləsini deyil, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş və Məcəllədən öncə qəbul edilmiş Əsasnamənin müddəalarını rəhbər tuturlar.

Nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılan sürücü  yenidən imtahan verməklə nəqliyyat vasitəsini idarə etmək hüququndan istifadə edir.

İnzibati hüquq üzrə ekspert Qulamhüseyn Əlibəyli Trend-ə bildirib ki, qanunun məzmununa görə, nəqliyyat vasitəsini idarəetmə hüququnu məhdudlaşdırma zamanı şəxs bu hüquqdan müəyyən müddətə istifadə edə bilmir.

"Belə olan halda, müddət başa çatandan sonra şəxsin bu hüququ avtomatik yaranır. Heç bir imtahan vermədən, yeni sürücülük vəsiqəsi almadan şəxs bu hüququndan istifadə edə bilər.  Lakin Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, şəxs təkrarən imtahan verməlidir. Bu hal isə qanunun mahiyyətinə ziddir. Yalnız bu hüquqa xitam verildiyi halda, şəxsin yenidən imtahan verməsi mümkündür", - ekspert vurğulayıb.

Əlibəylinin sözlərinə görə, hüquqları pozulmuş şəxslər məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarını bərpa etmək məqsədilə bu ziddiyyətin aradan qaldırılmasını tələb edə bilərlər.

Konstitusiya Məhkəməsininşöbə müdiri Anar Cəfərov da qanun ilə NK-nın qərarı arasında ziddiyyət olduğunu deyir.

Bu barədə KM-də məlumat olduğunu deyən Cəfərovun sözlərinə görə, KM-nin bu ziddiyyəti öz təşəbbüsü ilə aradan qaldırmaq səlahiyyəti yoxdur.

"Vətəndaşlar özləri bu halı məhkəmədə mübahisələndirə bilər. Məhkəmələr qanunun müddəasının şərhi ilə bağlı KM-yə müraciət edərsə, bu məsələyə KM-də baxıla bilər. Bizə bu pozuntu ilə bağlı indiyədək müraciət daxil olmayıb", - şöbə müdiri deyib.

Cəfərov deyir ki, "Normativ aktlar haqqında qanun"un 7-ci maddəsinin tələbinə görə, normativ hüquqi aktlar arasında ziddiyyət yaranarsa, daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi akt tətbiq edilməlidir.

"Problem hüquq tətbiq edən orqanlarla bağlıdır. Onlar bir qayda olaraq, Nazirlər Kabinetinin qərarını tətbiq edirlər. Əslində isə, daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi akt əsas götürülməlidir. Həmçinin, İnzibati Xətalar Məcəlləsi Nazirlər Kabinetinin məlum qərarından sonra qəbul edilib. Bu baxımdan bu işlər üzrə qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin müddəaları rəhbər tutulmalıdır", - deyə KM rəsmisi vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış şəxslərin təcrübi və nəzəri bilikləri yoxlanıldıqdan sonra, onların bu hüquqları bərpa olunur.

"Bu hüquqdan məhrumetmə onların yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə verilir. Yəni, sürücülərin bilik səviyyəsi və təcrübi bilikləri lazımi səviyyədə olsaydı, yol hərəkəti qaydalarını pozmazdılar. Bilik səviyyəsinin yoxlanılması isə test imtahanı vasitəsilə keçirilir", - Əliyev deyib.

Şöbə rəisi bildirib ki, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə 2 aydan 2 ilədək müddətə məhdudlaşdırılır.

"İXM-nin 151.2, 151.3, 151.4, 155.3 və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər 1 il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır".

DYP rəsmisinin sözlərinə görə, şəxs sürücülük vəsiqəsini 10-20 il əvvəl də ala bilər.

Əliyevin sözlərinə görə, bu müddətdə şəxs qanunvericiliyə edilən əlavə və dəyişikliklərdən xəbərsiz ola bilər.

"Ola bilsin, şəxs bu səbəbdən də həmin pozuntuları törədib. Bilik səviyyələrinin yenidən yoxlanılmasında heç bir qəbahət yoxdu. Bu, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından xeyirlidir", - Əliyev vurğulayıb.

Şöbə rəisi bildirib ki, yol polisi sürücü barəsində belə bir qərar qəbul edərkən Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 saylı qərarını və "Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında" təlimatı rəhbər tutur.

Xəbər lenti

Xəbər lenti