...

Azərbaycanın tanınmış elm xadimi vəfat edib

Cəmiyyət Materials 8 Oktyabr 2010 20:34 (UTC +04:00)
Azərbaycanın tanınmış elm xadimi vəfat edib
Azərbaycanın tanınmış elm xadimi vəfat edib

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Kimya Problemləri İnstitutunun direktoru Toğrul Nemət oğlu Şahtaxtinski 2010-cu il oktyabrın 8-də ömrünün 85-ci ilində vəfat edib.

Toğrul Şahtaxtinski 1925-ci il oktyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1943-cü ildən Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində təhsil almışdır. 1949-cu ildə ali təhsilini tamamlayan və kimyaçı-mühəndis ixtisasına yiyələnən Toğrul Şahtaxtinski həmin il Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olmuşdur.

Əmək fəaliyyətinə 1949-cu ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft İnstitutunda kiçik elmi işçi kimi başlayan Toğrul Şahtaxtinski 1954-cü ildə həmin İnstitutun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1962-1974-cü illərdə o, Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

Toğrul Şahtaxtinski 1972-ci ildə özünün də fəal iştirakı ilə yaradılmış Naxçıvan Elmi Mərkəzinin rəhbəri təyin olunmuş, 1973-1981-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi işləmiş, 1975-ci ildən Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru və oksidləşmə prosesləri laboratoriyasının müdiri olmuş, 1990-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinə rəhbərlik etmişdir. O, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutunun direktoru seçilmiş və ömrünün sonunadək bu vəzifəni icra etmiş, 1997-2007-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik-katibi olmuşdur.

Toğrul Şahtaxtinski 1959-cu ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almışdır. O, 1972-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.

1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu ölkəmizdə neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparmışdır. Alimin tədqiqatları neft-kimyəvi sintez, kimyəvi kinetika və kataliz, kimya texnologiyasının nəzəri əsaslarına həsr olunmuşdur. Həmin tədqiqatlar üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya texnologiyasının elmi əsaslarının işlənib hazırlanması ilə bağlı geniş spektrə malik problemləri əhatə edir. Alim mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının elmi-nəzəri prinsiplərini müəyyən etmişdir.

Toğrul Şahtaxtinski 600-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. O, elmi nailiyyətlərinə görə 141 patent və müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin bir çox əsərləri, o cümlədən kitabları müxtəlif xarici dillərə tərcümə olunmuş və elmi ictimaiyyət tərəfindən yüksək maraqla qarşılanmışdır.

Toğrul Şahtaxtinski səmərəli elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi altında 60-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirilmişdir. Alim mötəbər beynəlxalq forumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Görkəmli kimyaçı alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Toğrul Nemət oğlu Şahtaxtinskinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il oktyabrın 11-də saat 13:00-dan 15:00-dək Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun binasında (Xocalı prospekti, 30) qoyulacaq.

Xəbər lenti

Xəbər lenti