...

Azərbaycanın Xaçmaz şəhərində yeni İdman Kompleksinin təməli qoyulub

Cəmiyyət Materials 18 Noyabr 2010 18:15 (UTC +04:00)
Xaçmazda yeni İdman Kompleksinin təməli qoyulub.
Azərbaycanın Xaçmaz şəhərində yeni İdman Kompleksinin təməli qoyulub

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Hacıyev/

Xaçmazda yeni İdman Kompleksinin təməli qoyulub. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, təməlqoyma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və digər rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimindən əvvəl nazir Azad Rəhimov və icra başçısı Şəmsəddin Xanbabayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyublar.

Mərasimdə çıxış edən nazir Rəhimov kompleksin əhəmiyyətindən danışıb. O qeyd edib ki, artıq 28 belə kompleks istismara verilib, daha 11 kompleks isə inşa edilir. "Mən əminəm ki, Xaçmaz idmansevərləri üçün inşa edilən bu idman kompleksi qısa müddətdə tikilib istifadəyə veriləcək və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman kompleksinin rəsmi açılışını bildirən qırmızı lenti kəsəcək", - nazir əlavə edib.

Kompleksin baş planına, əsasən 2 mərtəbəli inzibati hissə, 1000 tamaşaçı yerlik universal idman zalı, 250 tamaşaçı yerlik 2 döşəkli güləş zalı, VIP tribunalar, trenajor (fitnes) zalı, 50 nəfərlik yeməkxana, müdiriyyət və işçi otaqları, köməkçi otaqlar, inventar otaqlar, idmançılar üçün soyunub-geyinmə otaqları, duşxana və sanitar qovşaqlar, tamaşaçılar üçün sanitar qovşaqlar və s. otaqlardan ibarət əsas idman zalı binası inşa ediləcək. Bundan əlavə, 200 tamaşaçı yerlik üzgüçülük zalı (25x12,5 metr), uşaqlar üçün üzgüçülük hovuzu, 2 ədəd sauna, masaj otağı, soyunub-geyinmə, duşxana və sanitar qovşaqları, məşqçi və həkim otaqları, köməkçi otaqlardan ibarət üzgüçülük hovuzu binası, futbol stadionu və 1500 tamaşaçı tutumu olan yüngül konstruksiyalı tribuna, voleybol və basketbol meydançaları, 100 metrlik qaçış yolu, uzunluğuna tullanma meydançası, skeytpark, bu meydançalar üçün ayrıca soyunub-geyinmə, duşxana və sanitar qovşaqlarından ibarət açıq idman meydançaları inşa olunacaq.

Kompleksin ərazisində mehmanaxana binası və 3 ədəd kottec binasının inşası da nəzərdə tutulub.

Xaçmaz paytaxt Bakıdan 250 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti